“Sustainable Water Solutions” şirkəti Azərbaycanda innovativ mexanizmlər tətbiq edə bilər
Bakı, 20 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə yeni iqtisadi çağırışlar şəraitində resurslardan səmərəli istifadənin əhəmiyyəti, dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin “Sustainable Water Solutions” Holdinqinin idarəedici direktoru və baş icraçı direktoru Əhməd Əl Şəmsi ilə görüşdə ölkəmizin təmiz ətraf mühit və “yaşıl enerji” ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb. Təbii resurslardan səmərəli istifadə olunması istiqamətində həyata keçirilən layihələr və onların icra vəziyyəti barədə məlumat verilib.
Nazir yeni iqtisadi çağırışlar şəraitində su mənbələrindən səmərəli istifadə və müasir texnoloji həllərə dayanan su idarəçiliyinin əhəmiyyətini vurğulayıb. Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və dayanıqlı inkişaf üçün innovativ mexanizmlərin tətbiqində şirkətlə ölkəmizin əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Əhməd Əl Şəmsi rəhbərlik etdiyi şirkətin fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib, ölkəmizin əlverişli coğrafi mövqeyinin, təbii potensialının və inkişaf etmiş infrastruktura malik olmasının “Sustainable Water Solutions” şirkəti ilə əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.
Tərəflər innovativ mexanizmlərin tətbiqi sahəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparıb.