TACİKİSTAN PREZİDENTİ EMOMƏLİ RƏHMONUN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA

Avqustun 13-də Prezident sarayında Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayın qarşısındakı rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Tacikistanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan dövləti və hökumətinin rəsmi şəxsləri Tacikistan Prezidenti Emoməli Rəhmona, Tacikistan nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edildi.
Dövlət başçıları Prezident sarayında xatirə şəkli çəkdirdilər.