TACİKİSTAN PREZİDENTİ EMOMƏLİ RƏHMONUN NİTQİ
-Hörmətli İlham Heydər oğlu!
Əziz dostlar!
İcazə verin, Tacikistan Respublikası nümayəndə heyəti adından bizim mehriban ev sahiblərinə səmimi, həqiqətən qardaşcasına qonaqpərvərliyə görə bir daha səmimi minnətdarlığımı bildirim.
Biz bir-birinə rəğbət hissləri bəsləyən ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri sahəsində toplanmış təcrübəni çox qiymətli hesab edirik və bu münasibətləri bizim gələcək nəsillər üçün qoruyub saxlamaq və genişləndirmək əzmindəyik.
Sevindirici haldır ki, bu gün ölkələrimizin müstəqil inkişaf etdiyi yeni şəraitdə xalqlarımız arasında qarşılıqlı dostluq, rəğbət və etimad ənənələri öz əhəmiyyətini itirməmişdir və keyfiyyətcə yeni əsasda məntiqi davamını tapmışdır.
Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, Tacikistan iki ölkə xalqlarının rifahı naminə əməkdaşlıq sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün bundan sonra da bütün zəruri səylərini sərf edəcəkdir.
Bizim münasibətlər kompleksinin bugünkü müzakirəsi hər iki tərəfin qarşılıqlı etimadının yüksək səviyyəsinə və praktiki olaraq bütün istiqamətlərdə əməkdaşlığı keyfiyyətcə yaxşılaşdırmağa hazır olmasına dəlalət edir. Biz əminik ki, bu birgə səylər ikitərəfli münasibətlərə güclü təkan verəcək və dövlətlərimizin əsas mənafelərinə uyğun olan qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş üfüqlər açacaqdır.
Əziz dostlar, böyük məmnuniyyətlə mənim dostum, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Heydər oğlunun və bütün azərbaycanlı dostlarımızın sağlığına və onların uğurları şərəfinə badə qaldırmaq istəyirəm.
Bərəkətli Azərbaycan torpağında sülh və firavanlıq şərəfinə!
Tacikistan və Azərbaycan arasında dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığın və tərəfdaşlığın inkişafı və dərinləşməsi şərəfinə!
Xalqlarımızın xoşbəxtliyi və əmin-amanlığı şərəfinə!
(Dövlət başçılarının nitqləri diqqətlə dinlənildi və alqışlarla qarşılandı).