ELM VƏ TƏHSİL
Tacikistan təhsil işçilərinin Bakı səfəri başa çatıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Tacikistan Respublikasının müxtəlif təhsil qurumlarını təmsil edən nümayəndə heyətinin avqustun 28-dən başlanan təlim səfəri başa çatıb. Səfərin əsas məqsədi PISA və digər beynəlxalq qiymətləndirmə tədqiqatları ilə bağlı Azərbaycanın bu sahədəki təcrübəsini öyrənmək, təcrübə mübadiləsi aparmaq olub.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, 5 günlük səfər müddətində nümayəndə heyəti Elm və Təhsil Nazirliyində, müxtəlif təhsil qurumlarında təlimlərdə iştirak edib, Azərbaycanın beynəlxalq qiymətləndirmə sahəsindəki təcrübəsi ilə yaxından tanış olub. Təlim səfəri maraqlı ekskursiyalarla da yadda qalıb. Belə ki, Tacikistan nümayəndə heyəti üçün STEAM İnnovasiya Mərkəzinə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə, SABAH.HUB İnnovasiya Mərkəzinə, Bakı Dövlət Sənaye və İnnovasiya Peşə Təhsili Mərkəzinə ekskursiyalar təşkil olunub.
Təlim səfərinin sonuncu günü Təhsil İnstitutunun əməkdaşlarının təqdimatları ilə davam edib. Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva “Milli qiymətləndirmə tədqiqatlarının beynəlxalq tələbə qiymətləndirilməsi ilə uyğunlaşdırılması” mövzusunda təqdimatla çıxış edərək şagirdlərin mərkəzləşdirilmiş monitorinqlərinin aparılması istiqamətində görülən hazırlıq işləri barədə fikir mübadiləsi aparıb.
Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin müdiri Şirin Məmmədov isə “Beynəlxalq tədqiqatlar haqqında məlumatlılığın artırılması: müəllimlər və direktorlar üçün mövsümi düşərgələr” və “Milli hesabatların hazırlanması” mövzularında təqdimat edib.
Daha sonra qonaqlar Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzində olub. Burada mərkəzin direktoru Nəzakət Mehdiyevanın iştirakı ilə müəllimin inkişafı və onun şagird nailiyyətlərinə təsiri barədə müzakirələr aparılıb. Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.