Tacikistanla Özbəkistan arasında əmtəə mübadiləsinin həcmi bir milyard dollara çatdırılacaq
Düşənbə, 11 iyun, АZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Tacikistanda rəsmi səfərdədir.
AZƏRTAC Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Tacikistanın dövlət başçısı Emomali Rahmonun Şavkat Mirziyoyevlə görüşündə siyasi, ticarət-iqtisadi, energetika, nəqliyyat, avtomobilqayırma, elektrotexnika, dağ-mədən və yüngül sənaye, səhiyyə, elm, təhsil və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib.
Danışıqlar zamanı sənaye, yeni texnologiyalar, dağ-mədən sənayesi və digər sahələri əhatə edən Tacikistan-Özbəkistan İnvestisiya Fondunun yaradıldığı elan olunub, yaxın illərdə dövlətlər arasında əmtəə mübadiləsinin həcminin bir milyard dollara çatdırılması haqqında razılıq əldə edilib.
Görüşdə Tacikistanda özbək maşınlarının, müasir transformatorların və kənd təsərrüfatı texnikasının, həmçinin məişət cihazlarının, tikinti materiallarının və digər məhsulların istehsalı ilə bağlı birgə müəssisələrin yaradılması məsələləri də müzakirə olunub.
Danışıqların sonunda dövlət başçılarının birgə bəyanatı qəbul edilib, 35 dövlətlərarası sənəd imzalanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə