Tahir Mirkişili: Azərbaycanda muzdlu işləyənlərin təxminən 50 faizi özəl sektorda çalışır
Bakı, 26 sentyabr, AZƏRTAC
Son beş il ərzində Azərbaycanın dövlət sektorunda muzdlu işləyənlərin sayı cəmi 20 min artmışdırsa, özəl sektorda bu artım 200 mini keçib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Rəqabət Məcəlləsinin layihəsinə həsr olunmuş ictimai dinləmədə çıxışı zamanı deyib.
O bildirib: “Azərbaycanda bazar iqtisadiyyatına keçidə Ulu Öndər tərəfindən 1996-cı ildən start verilib. Ötən dövr ərzində dövlət əmlakının özəlləşdirilməsi, torpaq islahatı Azərbaycanda özəl sektorun inkişafına çox böyük bir dəstək verib. Hazırda Azərbaycan iqtisadiyyatında əlavə dəyərin formalaşmasında özəl sektorun payı 83 faizdən çoxdur. Bu gün Azərbaycanda muzdlu işləyənlərin təxminən 50 faizi artıq özəl sektorda çalışır. Son illərdə Azərbaycan iqtisadiyyatında aparılan şəffaflıq, iqtisadi islahatlar dövlətin bu istiqamətdə inzibati metodlardan daha çox tənzim metoduna keçməsi sahibkarlar arasında çox böyük bir ruh yüksəkliyi, eyni zamanda, iqtisadiyyatın inkişafında bir aktivlik yaradıb. Bu, həm vergi toplamalarında, həm investisiyalarda, həm sahibkarlıq mühitinin daha da inkişaf etməsinə imkan yaradıb”.