Tahir Mirkişili: Pozuntuların baş verməməsi üçün səmərəlilik auditi çox önəmlidir
Bakı, 12 aprel, AZƏRTAC
Hesablama Palatası nəticə əsaslı büdcə hesabatı təqdim edib. Bu, müsbət və yeni mərhələdir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili aprelin 12-də Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirələri zamanı söyləyib.
Komitə sədri bildirib ki, dövlət satınalmaları sahəsində pozuntuların həcmi 226 milyon, uyğunluq auditi sayəsində isə 481 milyon manat təşkil edib. “Nəticələrlə mübarizə aparmaq heç bir effekt vermir. Biz elə mexanizmlər fikirləşməliyik ki, pozuntular olmasın. İnformasiya bazasına çıxışın səviyyəsinin aşağı olması Hesablama Palatasının fəaliyyətində aşkar edilən qüsurlardan biridir”, - deyə Tahir Mirkişili qeyd edib.
Pozuntuların baş verməməsi üçün səmərəlilik auditinin önəmini qeyd edən komitə sədri performansın analiz edilməsinin burada mühüm şərt kimi diqqətə çatdırıb. “Ötən il səmərəlilik auditi 1 vahid artsa da, əhatə dairəsi 6 dəfə artıb və 1 milyard manatı keçib”, - deyə Tahir Mirkişili bildirib.