“Taliban” hərəkatı Əfqanıstan hakimiyyəti ilə danışıqları dayandırır
Bakı, 7 aprel, AZƏRTAC
“Taliban” hərəkatı Əfqanıstan hakimiyyəti ilə əsirlərin dəyişdirilməsi barədə danışıqların dayandırıldığını bəyan edib.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, bunu “Taliban” hərəkatının nümayəndəsi deyib.
“Biz məhbuslar üzrə komissiya qrupunu əsirləri yoxlamaq və kimliklərini müəyyən etmək üçün Kabilə göndərdik. Lakin təəssüf ki, onların azad olunması bu və ya digər bəhanələrlə təxirə salınır. Bu səbəbdən sabahdan başlayaraq texniki qrupumuz faydasız görüşlərdə iştirak etməyəcək”, - deyə “Taliban” nümayəndəsi bildirib.
Bir qədər əvvəl Tolo News telekanalı əsirlikdə olan taliblərlə Əfqanıstan hərbçilərinin dəyişdirilməsi prosesinin ilk mərhələsinin aprelin 2-də baş tutacağı barədə məlumat yaymışdı. Birinci mərhələdə hərəkatın həbsxanadakı 100 üzvü ilə əsirlikdə olan 20 hərbçinin dəyişdirilməsi planlaşdırılırdı.
Xatırladaq ki, fevralın 29-da Doha şəhərində “Taliban” hərəkatı və ABŞ arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, martın 10-dan etibarən “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqların və atəşkəs rejiminin başlanması nəzərdə tutulurdu. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində olan minə yaxın əməkdaşı azad olunmalı idi.