Taliyə İbrahimova: Genetik xəstəliklərlə doğulan uşaqların 8,4 faizi qohum evliliklərinin payına düşür
Bakı, 12 mart, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2021-ci ildə 1354 respondent arasında sorğu keçirilib və onlar arasında qohum nikahlarına münasibət öyrənilib. Əksəriyyət qohum nikahlarına mənfi yanaşsa da, bu məsələyə müsbət baxanlar da var.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova qohum evlilikləri ilə bağlı təşkil edilən ictimai müzakirədə deyib.
T. İbrahimova, həmçinin qeyd edib ki, Azərbaycanda 50 minə yaxın əlil şəxs var. Onların arasında qohum evliliklərindən doğulan uşaqlar da yer alır. Qohum nikahlarında əsas məsələlər yaşlı nəslin təkidi, ataların öz qızlarının təhlükəsizliyini təmin etdiyini sanması, nəsildən-nəslə keçən gərəksiz stereotiplər, erkən nikahlarla bağlıdır. Belə yanaşma var ki, tərbiyəli qızları adətən qohumlar alır. Bu isə qızlara qarşı gender əsaslı zorakılığın bir növü hesab edilir.
Boşanma proseslərində qohumlar arasındakı nikahlara xitam verilirsə, nəsillər arasında düşmənçilik ciddi həddə çatır, hətta nəsildən-nəslə ötürülür.
Biz erkən nikahları qəbul etmədiyimiz kimi, qohum nikahlarını da qəbul etməməliyik.
Komitə rəsmisi bildirib ki, qanunvericilik sərtləşdirilməli, baba və nənələri eyni olan şəxslərin nikahı qadağan edilməlidir. “Qohum evliliklərində əlil uşaqların doğulması riski yad şəxslərin evlilikləri ilə müqayisədə 2 dəfə artıqdır. Həmçinin genetik xəstəliklərlə doğulan uşaqların 8,4 faizi qohum evliliklərinin payına düşür”, - deyə o əlavə edib.