TALLİNDƏ AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA ŞƏRQ MƏDƏNİYYƏTİ XALQ UNİVERSİTETİ YARADILMIŞDIR
Türk və Qafqaz Xalqları Avropa Birliyi Təşkilatından AZƏRTAC-a bildirmişlər ki, Estoniya hökuməti akademik Zərifə Əliyeva adına Şərq Mədəniyyəti Xalq Universitetinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu qərar Estoniyanın Türk və Qafqaz Xalqlarının Milli Mədəniyyət Cəmiyyətləri Assosiasiyasının təşəbbüsü ilə qəbul edilmişdir. Akademik Zərifə Əliyeva adına universitetə Estoniya Əhali Problemləri Nazirliyi rəsmi qeydiyyat şəhadətnaməsi vermiş, Tallin şəhər meriyası bu təhsil ocağına paytaxtın mərkəzi Viru küçəsində inzibati bina ayırmışdır. Universitetin fəaliyyəti qismən Estoniyanın dövlət büdcəsindən maliyyələşdiriləcəkdir.
Universiteti yaratmaqdan əsas məqsəd türkdilli xalqların və Qafqaz xalqlarının tarixi, dilləri, mədəniyyətləri ilə nəinki bu etnosun, həmçinin marağı olan bütün digər xalqların nümayəndələrini tanış etmək, habelə onlarda eston tarixi və mədəniyyətinə maraq oyatmaq, bu ölkədə yaşayan türklərin və qafqazlıların müasir Estoniya cəmiyyətinə inteqrasiyasına yardım göstərmək; müxtəlif xalqların nümayəndələri arasında tolerant mədəni münasibətləri formalaşdırmaq; dinləyicilərə müasir mədəniyyətlərarası kommunikasiyaların əsaslarını öyrətməkdən ibarətdir.
İlk dövrlərdə universitetdə filologiya, tarix, mədəniyyətşünaslıq, iqtisadiyyat və hüquq fakültələri göstərəcəkdir. Həmçinin Tallin Pedaqoji Universitetinin şərq dilləri fakültəsinin tələbələri akademik Zərifə Əliyeva adına Universitetdə türk və Qafqaz xalqlarının dillərini daha mükəmməl öyrənə biləcəklər.
Universitetin rektoru əslən azərbaycanlı olan Estoniya vətəndaşı, fəlsəfə elmləri doktoru Yaqub Yaqubov bildirmişdir ki, universitetimizə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adı elmi şuramıza daxil olan eston alimlərin təşəbbüsü ilə verilmişdir. Tədris planlarımız artıq təsdiq edilib və universitetdə dərslər bu ilin fevral ayında başlayacaqdır. Universitetimizin fəaliyyəti barədə daha geniş məlumatı www.az.ee internet saytından əldə etmək olar.