TAMBLİNQ ÜZRƏ BAKI ÇEMPİONATI BAŞA ÇATMIŞDIR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qaliblərin hamısı çoxnövçülüyün yekunlarına əsasən müəyyənləşmişdir. İdman ustaları arasında 99,12 bal toplayan gimnastika məktəbinin yetirməsi Abdulla Hüseynov çempion olmuşdur. Birinci dərəcəli kişi idmançıların yarışında ən yüksək nəticəni Nəbi Mirzəliyev (27,29 bal), qadınlar arasında isə Nərminə Minequlova (26,98 bal, hər ikisi gimnastika məktəbinin nümayəndəsi) göstərmişlər. İkinci dərəcəli idmançıların yarışında gimnastika məktəbinin nümayəndəsi Mixail Malkin (26,59 bal) və “Neftçi”nin yetirməsi Evelina İbrahimova qalib gəlmişlər. Üçüncü dərəcəli idmançıların yarışında da gimnastika məktəbinin nümayəndələri - Elçin Ələkbərov (26,29 bal) və Nazilə Heydərli (28,5 bal) fərqlənmişlər.
Gimnastika üzrə XII Azərbaycan birinciliyi və Bakı çempionatı bu ilin son respublika yarışları olacaqdır. Dekabrın 7-9-da “Olimpiya” idman kompleksində keçiriləcək yarışlarda 71 idmançı iştirak edəcəkdir. Gimnast qızlar 3 yaş qrupuna (1990-93, 1994-97 və 1996-97-ci illər təvəllüdlü) bölünəcəklər. Birincilik həm çoxnövçülük, həm də ayrı-ayrı növlər üzrə keçiriləcəkdir. Yarışlar başa çatandan sonra qala-konsert veriləcəkdir. Qala-konsertdə bədii gimnastlardan savayı, ölkəmizin ən yaxşı gimnastları və akrobatları nümunəvi nömrələrlə çıxış edəcəklər.