Tanınmış heykəltaraş Katib Məmmədov Xarkov şəhərinin “Fəxri vətəndaşı” seçilib
Kiyev, 25 avqust, AZƏRTAC
Ukraynanın Xalq rəssamı, soydaşımız, heykəltaraş Katib Məmmədov Xarkov şəhərinin “Fəxri vətəndaşı” seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov şəhər Şurası qərar çıxarıb. Katib Məmmədov Xarkov şəhərinin mədəniyyət sahəsində inkişafına görə bu ada layiq görülüb. Bununla bağlı keçirilən rəsmi tədbirdə çıxış edən Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov bildirib ki, Katib Məmmədov şəhərimizin fəxridir. Onun heykəlləri Xarkovun vizit kartına çevrilib.
Katib Məmmədov isə AZƏRTAC-a açıqlamasında bildirib ki, bu ada layiq görülməsi onun sənətinə, Azərbaycan dövlətinə, xalqına verilən qiymətdir.
“Azərbaycan və Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq inkişaf etməkdədir. Bu gün bu əməkdaşlığın inkişafına azacıq da olsa verdiyim töhfəyə görə özümü xoşbəxt sayıram”, deyə Katib Məmmədov əlavə edib.
Qeyd edək ki, 1987-ci ildən Xarkov şəhərində yaşayan soydaşımız bu şəhərdə 10-dan artıq heykəl kompozisiyasının müəllifidir.
Xatırladaq ki, digər soydaşımız, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanov da bir neçə il öncə Xarkov vilayətinin fəxri vətəndaşı adını qazanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev