ELM VƏ TƏHSİL
Tarix Muzeyində şəhid və qazi ailələri ilə görüş keçirilib
Bakı, 25 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində şəhid və qazi ailələri ilə görüş keçirilib. Bu ailələrin muzeyə təqdim etdikləri əşyalar 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” sərgisində yer alıb.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilmiş görüşdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı da iştirak edib.
Əvvəlcə Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edən muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə olunduğunu vurğulayıb. O, belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib.
Muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarov qeyd edib ki, sərgidə şəhidlərimizə məxsus əşyalar, eləcə də düşmən tərəfindən Azərbaycan əhalisinə qarşı istifadə olunan müxtəlif növ silahlar və mərmi qalıqları nümayiş olunur. F.Cabbarov tarix yazan qəhrəmanlarımızın şəxsi əşyalarının muzeydə əbədi qorunacağını bildirib.
Tədbirdə bizə qələbəni yaşadan qəhrəmanlarımızın həyatı və döyüş yolu haqqında ətraflı söhbət açılıb.
Sərginin hazırlanması məqsədilə materialların toplanılması üçün göstərdikləri köməyə görə şəhid və qazi ailə üzvlərinə təşəkkürnamələr verilib.
Sonda tədbir iştirakçıları “Anadır arzulara hər zaman Qarabağ” sərgisi ilə tanış olublar.