Tarix və Etnologiya İnstitutunda tələbələrin iştirakı ilə elmi diskussiya keçirilib



Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin təşkilatçılığı ilə “Birinci Qarabağ müharibəsinə baxış: elmi-nəzəri təhlil” mövzusunda elmi diskussiya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, diskussiyada bu elmi müəssisənin əməkdaşları ilə yanaşı, burada təcrübə keçən Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Slavyan Universitetinin tələbələri və Sumqayıt Dövlət Universitetinin magistrantları iştirak ediblər.
Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev mövzunun əhəmiyyətindən danışıb və tələbələrin dünyagörüşünün genişlənməsində, bilik və təcrübələrinin artmasında belə diskussiyaların əhəmiyyətini vurğulayıb.
Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayev bildirib ki, Ermənistan-Azərbaycan müharibəsi tarixə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib, azərbaycanlılar etnik təmizlənməyə, soyqırımına məruz qalıblar. Ermənistan-Azərbaycan müharibəsi nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub.
Tədbirdə tələbə və magistrantları maraqlandıran çoxsaylı suallara cavab verilib, müzakirələr aparılıb.