ELM VƏ TƏHSİL
Tarixi Muzeyində İrəvanda buraxılan “Lək-lək” satirik jurnalının bütün nömrələri mühafizə edilir
Bakı, 20 iyun, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fonduna XIX əsrin 80-ci illəri - XX əsrin 30-cu illəri dövrünü ehtiva edən nəşrlər məcmusu daxil olub. Siyasi, ictimai, iqtisadi, mədəni məsələlərə həsr olunan bu mətbuat nümunələrinin hər biri maraq kəsb edir. Bunların arasında xüsusi olaraq İrəvanda buraxılan “Lək-lək” satirik jurnalı daha əhəmiyyətlidir.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilir.
Bildirilib ki, “Molla Nəsrəddin” jurnalından vüsət alan bu məzhəkəli məcmuənin 1914-cü il fevralın 22-dən iyunun 30-dək 12 nömrəsi işıq üzü görüb. Bu nəşr Mirməhəmməd Mirfətullayevlə tanınmış irəvanlı pedaqoq və maarifçi Cabbar Əsgərzadənin işbirliyinin məhsulu idi. İrəvan qubernatorunun 1914-cü il yanvarın 21-də verdiyi şəhadətnaməyə görə jurnalda baş məqalə, şeir, şəhər, ölkə, dünya xəbərləri, həcv, təmsil və sair dərc etməyə icazə verilirdi. Muzeyin fondunda nəşrin bütün nömrələri cildlənmiş şəkildə mühafizə edilir.