Tartu Universiteti bir qrup tələbəsinin Dağlıq Qarabağa səfər etməsi ilə bağlı təəssüfləndiyini bildirir
Bakı, 2 iyun, AZƏRTAC
Tartu Universitetinin bir qrup tələbəsinin bu yaxınlarda Dağlıq Qarabağa səfər etməsinin münasibətlərimizdə anlaşılmazlıq yaratması ilə əlaqədar universitet adından təəssüfləndiyimi bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözlər Tartu Universitetinin rektoru Volli Kalmın Azərbaycanın Estoniyadakı səfirliyinin məktubuna cavab məktubunda yer alıb. Azərbaycan səfirliyinin məktubunda Tartu Universitetinin bir qrup tələbəsinin Dağlıq Qarabağa səfərini şərh etmək və bununla bağlı izahat vermək xahiş olunub. Səfirliyin məktubunda vurğulanıb ki, Tartu Universitetinin bir qrup tələbəsi Estoniya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbərdarlığa məhəl qoymayaraq, bu ölkədə erməni diasporuna yaxın özəl təşkilatçıların təşəbbüsü ilə Dağlıq Qarabağa səfər edib.
Xatırladaq ki, Ermənistan və Rusiya KİV-lərinin yaydığı məlumata görə, Tartu Universitetinin beynəlxalq münasibətlər fakültəsinin bir qrup müəllim və tələbəsi qondarma “Arsak dövlət universiteti” ilə rəsmi əlaqələr qurmaq üçün mayın 14-15-də Dağlıq Qarabağda olub.
Tartu Universitetinin rektoru Volli Kalm Azərbaycanın Tallindəki səfirliyinə cavab məktubunda yazıb: “Məktubunuza və Tartu Universiteti ilə Azərbaycanın elmi ictimaiyyətinin çoxsaylı əlaqələrinin və əməkdaşlığının inkişafı üçün birgə səylərin davam etdirilməsinin zəruriliyinə əmin olduğunuzu bildirməyinizə görə Sizə təşəkkür edirəm. Şübhəsiz ki, Tartu Universiteti bu əlaqələrə əvvəlki kimi sadiqdir və onların daha da inkişaf edəcəyinə ümid bəsləyir.
Tartu Universitetinin bir qrup tələbəsinin bu yaxınlarda Dağlıq Qarabağa səfər etməsinin münasibətlərimizdə anlaşılmazlıq yaratması ilə əlaqədar universitet adından təəssüfləndiyimi bildirirəm. Səfər sırf maariflənmə xarakteri daşıyıb və heç bir siyasi məqsəd güdməyib. Üstəlik, qrupun Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının icazəsi olmadan Dağlıq Qarabağa getməyin nəticələri barədə heç bir təsəvvürü olmayıb. Universitet gələcəkdə belə insidentlərin qarşısını almaq üçün hər cür səy göstərəcək.
Bir daha təsdiq etmək istərdim ki, Tartu Universiteti Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü tanıyır və bu prinsipə sadiqdir”.