Tatarıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib


Moskva, 30 may, AZƏRTAC
Rusiyanın Tatarıstan Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Tatarıstan Elmlər Akademiyası Mərcani adına Tarix İnstitutu və Tatarıstan Respublikası “Azərbaycan” cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda Tatarıstan Dövlət Şurasının üzvləri, ictimaiyyətin nümayəndələri, diplomatlar, alimlər iştirak ediblər.
Mərcani adına Tarix İnstitutunun direktoru Rafael Xakimov, Tatarıstan Respublikasının Dövlət Dumasının deputatları Anastasiya İsayeva, İrek Şaripov, Tatarısdandakı “Azərbaycan” cəmiyyətinin sədri Bəşir Bəşirov və başqaları Cümhuriyyətin tarixindən, Şərqdə ilk demokratik dövlətin əldə etdiyi tarixi nailiyyətlərdən danışıb, müasir Azərbaycan dövlətinin demokratiya ənənələrini uğurla davam etdirdiyini vurğulayıblar.
2005-2013-cü illərdə Tatarıstan Prezidentinin Azərbaycan və Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi olmuş Nail Zarıpov Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edərək rifah və uğur arzu edib. “Xoşbəxtəm ki, iş fəaliyyətimin müəyyən hissəsi Azərbaycanla bağlı olub və sizin xalqınızın, qonaqpərvərliyindən heyranlıqla danışa bilirəm”, - deyə o bildirib.
Elmi konfransda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, türk-müsəlman dünyasındakı yeri və əhəmiyyəti, Azərbaycan-Tatarıstan mədəni əlaqələri mövzularında məruzələr dinlənilib. Qeyd olunub ki, müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanda sabitlik, tərəqqi və inkişaf təmin olunub. Görkəmli dövlət xadiminin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib.
Tədbir çərçivəsində Cümhuriyyət tarixinə həsr edilən film nümayiş olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva