Tatarıstanın ictimai xadimləri Mərkəzi Elmi Kitabxanada
Bakı, 20 iyun, AZƏRTAC
Rusiya Federasiyası Tatarıstan Respublikası Yazıçılar İttifaqının (TYİ) sabiq sədri, Əməkdar incəsənət xadimi, jurnalist Danil Salihov və “Salam Tatarıstan” beynəlxalq mərkəzinin rəhbəri, ictimai xadim Emin Ramazanov AMEA Mərkəzi Elmi Kitabxanada (MEK) olublar.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, MEK-in baş direktoru professor Məmməd Əliyev qonaqlara kitabxananın tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib. Qeyd olunub ki, 100 illik tarixi olan Mərkəzi Elmi Kitabxana oxucularına həm ənənəvi, həm də elektron xidmət göstərir. MEK-in zəngin fondları dünya dillərinin çoxunda, o cümlədən tatar dilində nəşrləri özündə cəmləşdirir.
Sonra qonaqlar MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda olublar. Baş direktor buradakı guşələr haqqında ətraflı məlumat verib, toplanan dəyərli nəşrlərdən bəhs edib. Bildirilib ki, fond istər I Qarabağ, Aprel və Tovuz döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsinin hər bir şəhidi, qazisi, iştirakçısı haqqında məlumat toplayaraq gələcək nəsillərə ötürülməsi istiqamətində işlər görür. Yaradıldığı gündən etibarən fondu çoxlu sayda şəhid ailə üzvlərinin ziyarət etdiyini qeyd edən baş direktor qonaqlara “Xocalı şəhidləri 613” kitabını hədiyyə olaraq təqdim edib.
Yazıçı Danil Salihov Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsindən təsirləndiyini və qardaş millətə daim dəstək olduqlarını qeyd edib. D.Salihov müəllifi olduğu nəşrləri MEK-ə hədiyyə edib.
Sonda MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü qonaqlara MEK-in Diplomatik fondunda toplanan nəşrlər haqqında ətraflı məlumat verib.