İQTİSADİYYAT
TBİLİSİ DRES-DƏKİ QƏZA AZƏRBAYCANIN ENERJİ TƏCHİZATINA TƏSİR GÖSTƏRMƏMİŞDİR
Tbilisi DRES-də baş vermiş qəza nəticəsində Rusiyadan Gürcüstan vasitəsilə Azərbaycana ötürülən 50 mVt-dək həcmində elektrik enerjisinin nəqli dayandırılmışdır. Buna baxmayaraq, respublikada enerji qıtlığı hiss olunmur.
“Azərenerji” SC-nin Mərkəzi Dispetçer İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, DRES-də 500� kilovoltluq transformator sıradan çıxmışdır. Onun təmiri bir neçə gün davam edəcəkdir.
Gürcüstan ərazisindən ötürülən elektrik enerjisinin həcmi Azərbaycanın enerji sisteminin işinə təsir göstərəcək səviyyədə deyil, 330 kilovoltluq Ağstafa-Qardabani xətti ilə alınan elektrik enerjisi isə “Azərenerji”nin ehtiyatları hesabına əvəz olunur.
Tbilisi DRES-də baş vermiş qəza Azərbaycan ilə Rusiya arasında enerji mübadiləsinə təsir göstərməmişdir. “Azərenerji” idarəsində demişlər ki, şimal qonşumuzla enerji mübadiləsi 330 kilovoltluq “Dərbənd” və 110 kilovoltluq “Yalama” xətləri ilə həyata keçirilir.