TBİLİSİDƏ LEYSAN YAĞIŞLAR ARA VERMİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 19-dan 20-nə keçən gecə Gürcüstanın paytaxtı Tbilisidə başlayan leysan yağışlar hələ də ara verməmişdir.
Şəhərin İsani-Samqori rayonunda sel suyunun səviyyəsi 3 metrə çatmışdır. Dağıntı və tələfat qeydə alınmasa da, evlərin zirzəmilərini su basmış, küçələrdə avtomobillərin hərəkəti çətinləşmişdir.
Tbilisi beynəlxalq hava limanının dam örtüyü zədələnmiş, bəzi reyslər təbii fəlakətə görə təxirə salınmışdır. Kaxeti bölgəsini Tbilisi ilə birləşdirən mərkəzi yolda sel yük avtomobilini yoldan 300 metr kənara aparmışdır. Tbilisi şəhər bələdiyyəsinin xilasedicilər xidmətinin əməkdaşları avtomobilin sürücüsünü və şərnişinini xilas edə bilmişlər. Şəhər bələdiyyəsindən verilən məlumata görə, leysan başlanandan indiyədək xilasedicilər 100-dən çox çağırış almış, operativ tədbirlər görmüşlər.
Güclü yağış Tbilisi-Rustavi şəhərləri arasında nəqliyyatın hərəkətində problem yaratmışdır.