Tbilisidəki “Alyans” Gənclər Mərkəzində Müstəqillik Günü qeyd olunub
Tbilisi, 29 may, AZƏRTAC
28 May - Müstəqillik Günü Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) məsul əməkdaşı Rəşad Məmmədov, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, tələbə və gənclər, onların valideynləri iştirak ediblər.
Mərkəzin icraçı direktoru Rəna Hüseynova çıxış edərək Müstəqillik Gününün əhəmiyyəti, xalqımızın azadlıq uğrundakı mübarizəsi barədə ətraflı məlumat verib.
Sonra DİDK-nın nümayəndəsi Rəşad Məmmədov komitə sədrinin təbriklərini çatdırıb, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın bu bayramı böyük coşqu ilə qeyd etdiklərini bildirib. O, Gürcüstandakı gənc və yeniyetmə soydaşlarımızın Müstəqillik Günü və digər milli bayramlarımız barədə məlumatlandırılmasının vacibliyini qeyd edib.
Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov Azərbaycan və gürcü xalqlarının oxşar taleyi, azadlıq uğrundakı mübarizəsi və bu iki müstəqil dövlət arasındakı əlaqələr barədə ətraflı məlumat verib.
Sonra tələbə və şagirdlər Müstəqillik Günü ilə əlaqədar Azərbaycan və gürcü dillərində şeirlər söyləyiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi