TEATR SƏNƏTİMİZ HAQQINDA SANBALLI KİTAB
Nəşrdə müəllifin müxtəlif illərdə çap olunmuş elmi-nəzəri məqalələri, publisistik yazıları və teatr sənəti ilə bağlı müsahibələri toplanmışdır.
Kitab iki bölmədən ibarətdir. “Müasir teatr problemləri (nəzəri və praktik düşüncələr)” adlanan birinci bölmədə verilmiş “Durğunluq hörümçəyinin torunda”, “Türkiyə səni alqışlayır, Azərbaycan!”, “Teatr və zaman”, “Milli teatr: yeni əsrin çağırışları” və sair məqalələrdə araşdırma və təhlillər prinsipiallığa, obyektivliyə söykənir, problemlərə sərbəst münasibətə əsaslanır.
“Mədəniyyətimizin sabahına inanıram (müsahibələr-mülahizələr)” adlanan ikinci bölmədə, əsasən, müəllifin müxtəlif qəzet və jurnallarda Azərbaycan, türk və rus dillərində dərc olunmuş müsahibələri toplanmışdır. Bu müsahibələr teatrımızın tarixi, inkişaf mərhələləri, qastrol səfərləri, yaradıcılıq axtarışları, nailiyyətləri və problemləri barədə maraqlı məlumatlarla zəngindir.
Teatr sənətimizin nəzəriyyə və təcrübəsi ilə maraqlanan mütəxəssislər, teatrsevərlər, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu sanballı kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor İnqilab Kərimovdur.