“Təbiət Dostları”nın “Beynəlxalq əməkdaşlıqdan yerli inkişafa” layihəsi uğurla başa çatıb
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Təbiət Dostları” Gənclər Təşkilatı və Beynəlxalq Gənc Təbiət Dostları (IYNF) tərəfindən noyabrın 4-dən etibarən həyata keçirilən “Beynəlxalq əməkdaşlıqdan yerli inkişafa” layihəsi uğurla başa çatıb.
“Təbiət Dostları” Gənclər Təşkilatından AZƏRTAC-a bildirilib ki, layihə gənclərin beynəlxalq ekoloji proqramlarda təlimçi və təşkilatçı kimi fəal iştiraklarını təmin etmək məqsədi daşıyıb. Layihə çərçivəsində gənclər üçün beynəlxalq ekoloji təşkilatlarda təmsilçilik, fərdi və təşkilati liderlik, dağçılıq və ekoturizm kimi mövzularla bağlı nəzəri-praktiki məşğələlər təşkil edilib. “Təbiət Dostları”nın üzv olduğu Beynəlxalq Gənc Təbiət Dostları (IYNF) təşkilatının Almaniya üzrə prezidenti Frederik Düpmeier iştirakçılara beynəlxalq ekoloji layihələr haqqında məlumat verib.
Bundan əlavə, açıq havada qeyri-formal treninqlər, müxtəlif oyunlar təşkil edilib. Həmçinin layihə iştirakçıları Bakıda və Gəncədə bir çox gənclər təşkilatlarının gördükləri işlərlə tanış olublar. Göygöl Milli Parkına ekskursiya zamanı iştirakçılarla yerli bələdçi və ekspertlər arasında ərazinin ekoturizm imkanları müzakirə edilib.