“Təbiət evimizdir” devizi altında milli parklara mediaturlar təşkil ediləcək VİDEO
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycanda ekoturizm və meşə yanğınlarına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova tədbiri açaraq bildirib ki, hər cümə günü müxtəlif mövzular üzrə mətbuat konfransları keçiriləcək. Bundan əlavə, “Təbiət evimizdir” devizi altında media nümayəndələrinin milli parklara səyahətləri də təşkil ediləcək.
Sonra Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə “Azərbaycan Respublikasının milli parklarının ekoturizm potensialı” mövzusunda məruzə edib. Qeyri-neft sektorunun inkişafı üçün əsas prioritetlərdən birinin turizmin olduğunu deyən direktor müavini təbiətə daha az ziyan vurulmasında ekoturzimin rolunu xüsusi vurğulayıb. O bildirib ki, ekoturizm daha düşünülmüş şəkildə tənzimlənən turizm növüdür. Azərbaycanda təbiətin mühafizəsi istiqamətində aparılan işlərə toxunan nazirlik rəsmisi milli parklar haqqında məlumat verərək qeyd edib: “Hazırda xüsusi mühafizə olunan ərazilər ölkə ərazisinin 892 min 500 hektarını, yəni 10,3 faizini təşkil edir. On beş il əvvəl isə bu rəqəm 478 min hektara bərabər olub. Əvvəllər milli parklar yox idi, 21-ci əsrin ilk onilliyindən başlayaraq yaradılmağa başlanılıb. Hazırda ölkə ərazisinin 3,2 faizini milli parklar təşkil edir. Milli parklar həm təbiəti mühafizə olunan, həm də turistlər üçün açıq ərazilərdir. Ekoturizmin inkişafı üçün başlıca mənbə olan həmin ərazilərdə hər il turist artımı qeydə alınır. Belə ki, yaradıldığı ilk illərdə əgər milli parkları 1000-2000 arası turist ziyarət edirdisə, hazırda bu rəqəm 196 minə bərabərdir”.
Daha sonra Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov Azərbaycan meşələri, meşə yanğınları, onların başvermə səbəbləri və qarşısının alınması üsulları barədə məlumat verib. O, deyib: “Respublikanın ümumi meşə ərazisi 1 milyon 213 min hektardır, onun 1021 hektarı meşə ilə örtülü ərazilərdir. Meşələr respublika ərazisində qeyri-bərabər paylanıb və daha çox Böyük Qafqazın dağ yamaclarında geniş yayılıb - 39 faiz. Respublikamız azmeşəli ölkələr sırasındadır və meşələrimiz birinci qrupa aiddir. Buna görə də mövcud meşələrin qorunub saxlanılması və yeni meşə massivlərinin salınması istiqamətində tədbirlər görülür. Azərbaycan meşə yanğınlarından az əziyyət çəkən ölkələr sırasındadır. Çünki təhlükəli yanğınlar daha çox iynəyarpaqlı meşələrdə baş verir. Azərbaycanda isə enliyarpaqlı meşələr daha çox yayılıb. Lakin yanğınların qarşısını tam ala bilmirik. Yanğınların baş verməsində ən başlıca amil antropogen faktordur. Təbii amillər az hallarda meşə yanğınlarına səbəb olur. Belə ki, meşə yanğınları turistlərin, ovçuların və köçəri maldarlıqla məşğul olan sakinlərin məsuliyyətsizliyi ucbatından baş verir. Dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən, zəmilərin taxıl biçinindən sonra yandırılması da meşə yanğınlarına səbəb olur.
Ötən il quraq hava səbəbindən Oğuzda, Qəbələdə uzunmüddətli yanğınlar baş verdi. Buna baxmayaraq, meşə fonduna ağac itkisi baxımından ziyan dəyməsinin qarşısı alındı”.
S.Abbasov meşə yanğınlarının qarşısının alınması üçün hər il 650 hektar ərazidə minerallaşmış zolaqlar salındığını, əvvəlki illərdən qalan 700 hektara yaxın mineral zolaqların isə bərpa edildiyini bildirib.
Daha sonra çıxış edən Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru, “Ekosfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultanzadə təbiətin qorunması, ekoturizm və meşə yanğınları haqqında öz fikirlərini bölüşüb. O, təbiətin mühafizəsində maarifləndirmənin əhəmiyyətini və bu istiqamətdə kütləvi informasiya vasitələrinin rolunu xüsusi vurğulayıb.
Çıxış edənlər hər kəsi təbiəti qorumağa, istirahət edərkən bitki və heyvanat aləminə ziyan vurmamaq üçün məsuliyyətli davranmağa səsləyiblər.