Təbii fəlakət Şəkinin iki kəndinə ciddi ziyan vurub - FOTO
Şəki, 30 avqust, AZƏRTAC
Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti Şimal-Qərb bölgəsində güclü yağış və leysanla müşayiət olunub.
AZƏRTAC xəbər verir ki, leysan yağışları Oğuzla Şəkinin sərhəd kəndlərində bir sıra ciddi fəsadlar törədib. Şəkinin eyniadlı kəndində isə suvarma kanalının daşması nəticəsində 150-yə yaxın ev təsərrüfatına ziyan dəyib.
Şəki rayonunun Cəyirli və Şəki kəndlərinə yaxın dağlıq ərazilərə güclü yağış yağması nəticəsində ərazidən keçən Əlicançayda suyun səviyyəsi qalxıb. Bu zaman çayın qollarının axdığı suvarma kanallarında da daşqın əmələ gəlib və Şəki kəndini sel suları basıb.
Kənd sakini Xudayar Novruzov bildirir ki, Cəyirli kəndindən Şəki kəndinə gələn suvarma kanalı üç yerdən partlayıb. Sel Şəki kəndinin sakinlərinə çox ziyan vurub.
Sakinlər selin daha çox təsərrüfatlara və ərzaq məhsullarına ziyan vurduğunu deyirlər. Zərərçəkənlərdən biri də kənd sakini Məhluqə Əliyevadır. Onun sözlərinə görə, sel o qədər güclü gəlib ki, həyətin divarını uçurub, daha sonra onun 3 ton taxılını və həyətindən yığdığı üzümü məhv edib.
Kəndin yerli icra və bələdiyyə orqanlarının əməkdaşları tərəfindən sakinlərə dəyən zərərin miqdarını müəyyən etmək üçün komissiya yaradılıb. Bu barədə AZƏRTAC-a icra nümayəndəliyinin əməkdaşı Nurlan Həsənov məlumat verib.
Suvarma kanalının daşması ilə bağlı Şəki Suvarma Sistemləri İdarəsindən bildirilib ki, həmin kanal 6 kəndə xidmət edir və su tutumu 1,5 kubmetrdir. Kanalda suyun səviyyəsi 10 kubmetrə kimi çoxaldığından istinad divarları selə tab gətirməyərək dağılıb.
Hazırda Cəyirli və Şəki kəndlərində suvarma kanallarında təmir-bərpa işlərinə başlanılıb.