İQTİSADİYYAT
“Tech Mahindra” Azərbaycanın İKT sahəsinə maraq göstərir - YENİLƏNİB
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan “Tech Mahindra” şirkətinin baş vitse-prezidenti Sandip Padke və şirkətin Avropa, Böyük Britaniya və İrlandiya üzrə strategiya rəhbəri Şobita Şetti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti də iştirak edib.
Görüş zamanı çıxış edən nazir Rəşad Nəbiyev “Tech Mahindra”nın nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, ölkənin rəqəmsal inkişafında İKT sektorunun mühüm rolunu qeyd edib və hökumətin yerli, eləcə də xarici şirkətlər üçün əlverişli biznes mühitinin yaradılmasına olan diqqətini xüsusi vurğulayıb.
Görüşdə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva, agentliyin beynəlxalq biznesin inkişafı üzrə rəhbəri Loukas Tzitzis tərəfindən ölkədə İKT şirkətlərinə təqdim olunan texnopark rezidentliyi və bu rezidentliyin gətirdiyi imtiyazlar, vergi güzəştləri barədə təqdimat keçirilib. Eyni zamanda, yeni biznes imkanları yaradacaq və iki tərəf arasında bilik və texnologiyanın ötürülməsini asanlaşdıracaq uzunmüddətli əməkdaşlıq formatları müzakirə olunub.
Qeyd edək ki, 7 milyard dollarlıq dövriyyə və 150 mindən çox işçi qüvvəsinə sahib “Tech Mahindra” İKT sahəsində qlobal lider şirkətdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də edilmiş dəyişiklikdən və İKT sahəsində tətbiq edilən bir sıra güzəşt və imtiyazlardan sonra Azərbaycana maraq göstərən ilk multimilli şirkətlərdən biridir.
“Tech Mahindra”nın nümayəndə heyətinin Azərbaycana səfəri vaxtı, eyni zamanda, yerli böyük qurum və şirkət rəhbərləri ilə görüşlərin keçirilməsi planlaşdırılır. Səfərin məqsədi Azərbaycanın İKT potensialını öyrənmək, mümkün tərəfdaşlıq və biznes əlaqələrinin gücləndirilməsini təmin etməkdir.
14:32
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Hindistana məxsus qlobal İT nəhəngi “Tech Mahindra” şirkətinin baş vitse-prezidenti Sandip Padke ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Bu gün ölkəmizdə səfərdə olan qlobal İT nəhəngi “Tech Mahindra”nın baş vitse-prezidenti Sandip Padke ilə görüşdük. Ölkəmizdə xarici şirkətlər üçün yaradılmış əlverişli biznes mühiti və İKT sahəsində tətbiq edilən güzəşt və imtiyazlar haqqında danışdıq. İki tərəf arasında bilik və texnologiyanın ötürülməsini asanlaşdıracaq uzunmüddətli əməkdaşlıq formatlarını müzakirə etdik”,- deyə nazir Rəşad Nəbiyev qeyd edib.