TƏHSİL NAZİRLİYİNDƏ MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, təhsil naziri Misir Mərdanov jurnalistlər qarşısında çıxış edərək Azərbaycan təhsilinin inkişafında xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış və onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin fərmanlarının əhəmiyyətini vurğulamışdır.
Sonra nazir ölkəmizdə təhsilin inkişafı ilə bağlı görülmüş işlər, əldə olunmuş nəticələr və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, orta ümumtəhsil məktəblərində şagirdlərin həftəlik dərs yükü 330 saatdan 270 saata qədər azaldılmış, I-V siniflərdə, eləcə də qaçqın və məcburi köçkün məktəblərində təhsil alan şagirdlər pulsuz dərsliklərlə təmin edilmiş, təlim Azərbaycan dilində olan orta ümumtəhsil məktəbləri üçün son 5 ildə 113 adda dərslik çap edilmiş, təlim rus dilində olan ümumtəhsil məktəbləri üçün isə 69 adda dərslik məzmunca yeniləşdirilmiş və təkmilləşdirilmişdir. Son 2 ildə ali və orta ixtisas məktəbləri üçün 7 minə yaxın proqram, dərslik və dərs vəsaiti hazırlanmışdır.
Nazir qeyd etmişdir ki, 2003-cü ildə dövlət büdcəsindən təhsil sektoruna 18,9 faiz, cari ildə isə 20,5 faiz vəsait ayrılmışdır. Beləliklə, 2003-cü illə müqayisədə təhsil sektoruna ayrılan vəsaitin məbləği 283 milyard 734,2 milyon manat artmışdır. Təhsil işçilərinin əmək haqları 50 faiz çoxalmışdır. Təkcə 2003-cü ildə ölkəmizdə 91 yeni məktəb binası tikilmiş, 442 məktəb binası isə əsaslı təmir edilmişdir. Təhsil müəssisələrinin maddi–texniki bazası xeyli möhkəmləndirilmişdir.
“2004-2008-ci illər üçün təhsil sisteminin inkişaf proqramı” ilə bağlı görüləcək işlərdən söhbət açan nazir növbəti dərs ilində VI-VII sinif şagirdlərinin də pulsuz dərsliklərlə təmin ediləcəyini və qarşıdakı 3 il ərzində 3 minə qədər orta ümumtəhsil məktəbinin hər birində bir kompüter sinfinin yaradılacağını da diqqətə çatdırmışdır.
Sonra nazir jurnalistləri maraqlandıran suallara cavab vermişdir.