ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİNDƏ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ AZƏRBAYCAN TARİXİNİN TƏDRİSİ İLƏ BAĞLI KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 13-də Təhsil Nazirliyində respublikamızın ümumtəhsil məktəblərində Azərbaycan tarixinin tədrisi ilə bağlı kollegiya iclası keçirilmişdir.
Tanınmış tarixçi alimlərin, pedaqoqların, rayon təhsil şöbələri müdirlərinin iştirak etdikləri iclasda təhsil naziri Misir Mərdanov çıxış edərək, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tariximizin dərindən öyrənilməsinə həmişə xüsusi əhəmiyyət verdiyini vurğulamışdır.
Ölkəmizin ümumtəhsil məktəblərində Azərbaycan tarixinin müstəqil fənn kimi 16 ildən bəri tədris edildiyini bildirən nazir, eyni zamanda, demişdir ki, bu fənn ilə bağlı bütün dərsliklər son bir neçə ilin ərzində azərbaycanlı müəlliflər tərəfindən hazırlanmış və çap edilərək, mərhələ-mərhələ şagirdlərə çatdırılmaqdadır.
Nazir gələcəkdə “Azərbaycan tarixi” fənninin tədrisinə ayrılan dərs saatlarının miqdarının artırılmasının nəzərdə tutulduğunu da bildirmişdir.
Sonra nazir müavini İradə Hüseynovanın “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramının tələbləri baxımından ümumtəhsil məktəblərində “Azərbaycan tarixi” fənninin tədrisi vəziyyəti və onun daha da təkmilləşdirilməsi tədbirləri haqqında” mövzusunda geniş məruzəsi dinlənilmişdir.
Məruzədə deyilir ki, görkəmli dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin Azərbaycan tarixinin tədqiqi, tədrisi və təbliği ilə bağlı tövsiyələri rəhbər tutularaq, respublikamızın ümumtəhsil məktəblərində tariximizin öyrədilməsini yaxşılaşdırmaq sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 2000-2003-cü illərdə V sinif üçün “Ata yurdu”, VI-XI
siniflər üçün “Azərbaycan tarixi” dərslikləri hazırlanıb nəşr edilmiş və məktəblərə paylanmışdır. İstedadlı şagirdlərin aşkara çıxarılmasında, fənnin tədrisi keyfiyyətinin yüksəldilməsində “Azərbaycan tarixi” üzrə fənn olimpiadalarının respublika turunun keçirilməsi də mühüm rol oynamışdır.
Nazir müavini Azərbaycan tarixinin tədrisi ilə bağlı mövcud problemlərdən də danışmış və bu fənlə əlaqədar dərsliklərin daha da təkmilləşdirilməsinin, tədrisin yeni tələblər səviyyəsində aparılmasının vacibliyini nəzərə çarpdırmışdır.
Çıxış edən digər natiqlər də Azərbaycan tarixinin tədrisində müasir metodiki üsullardan geniş istifadə olunmasının əhəmiyyətini vurğulamışlar.
Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılmış, təkliflər verilmişdir.