TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏNİN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ DAİR SAZİŞ İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 24-də Təhsil Nazirliyində Dünya Bankı ilə Azərbaycan hökuməti arasında Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin maliyyələşdirilməsinə dair saziş imzalanmışdır.
İmzalanma mərasimində təhsil naziri Misir Mərdanov çıxış edərək, Azərbaycanın Təhsil Nazirliyi ilə Dünya Bankı arasındakı əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirmişdir.
1999-cu ildə Azərbaycanın təhsil sahəsində islahat proqramının təsdiq edildiyini xatırladan nazir bildirmişdir ki, müvafiq işçi qrupu və Dünya Bankının 295 min ABŞ dolları məbləğində ayırdığı qrant hesabına seçilmiş beynəlxalq və milli məsləhətçilərin köməyi ilə 1999-2003-cü illəri əhatə edən Təhsil İslahatı Layihəsi hazırlanmışdır. Bu layihənin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında təhsil sahəsində sayca Birinci Kredit Sazişi imzalanmışdır.
Təhsil İslahatı Layihəsinin dəyəri 5,5 milyon ABŞ dolları təşkil etmiş və bu məbləğin 500 min dolları Azərbaycan hökumətinin payına düşmüşdür. Həmin layihə 2004-cü il martın 31-də başa çatmışdır.
Birinci mərhələnin maliyyələşdirilməsi məqsədi ilə 2003-cü il sentyabrın 8-də Azərbaycan ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında sayca İkinci Kredit Sazişi imzalanmışdır. Birinci mərhələni-2003-2007-ci illəri əhatə edən Təhsil Sektorunun İnkişafı Layihəsinin dəyəri 21 milyon ABŞ dolları təşkil etmiş və bu məbləğin 2,8 milyon dolları Azərbaycan hökumətinin payına düşmüşdür.
İkinci və üçüncü mərhələlərin həyata keçirilməsi üçün Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin hazırlandığını bildirən M.Mərdanov qeyd etmişdir ki, bu layihənin maliyyələşdirilməsi məqsədi ilə bu gün sayca Üçüncü Kredit Sazişi imzalanacaqdır.
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin həyata keçirilməsi üçün 45,4 milyon ABŞ dolları məbləğində vəsait nəzərdə tutulmuşdur. Həmin vəsaitin 25 milyonunu Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti təşkil edir. 20,4 milyon dollar isə Azərbaycan hökumətinin iştirak payı kimi müəyyənləşdirilmişdir.
Ümumi təhsil sistemində Dünya Bankı ilə əvvəlki layihədə başlanılan kurrikulum, şagird nailiyyətlərinin qiymətləndirilməsi, müəllim hazırlığı və s. məsələlərlə yanaşı, bu layihədə məktəbə hazırlıq və peşə təhsili sahəsində də islahatlar nəzərdə tutulmuşdur.
Sonra Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin maliyyələşdirilməsinə dair saziş imzalanmışdır.
Sənədi təhsil naziri Misir Mərdanov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak imzalamışlar.