Tələbə adını qazanaraq şəhid həyat yoldaşının ən böyük arzularından birini yerinə yetirdi
Füzuli, 2 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi şəhidi Elçin Süleymanovun ən böyük arzularından birini onun həyat yoldaşı Aminə Ələkbərova həyata keçirib. Aminə öz vədinə sadiq qalaraq ali məktəbə qəbul olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Süleymanov Elçin Tehran oğlunun həyat yoldaşı Aminə Ələkbərova Bakı Dövlət Universitetinin Menecment fakültəsinə qəbul olub. Buna görə çox sevinir. Çünki onun ali məktəbə qəbul olması həyat yoldaşı Elçinin ən böyük arzularından biri idi.
Aminə Ələkbərova bildirib ki, Elçin Vətəni ailəsindən də çox sevirdi. Hər zaman deyirdi ki, ilk işimiz torpaqları yağı düşməndən azad etməkdir. Elə bu məqsədlə özünün digər arzularını gerçəkləşdirməyi təxirə salırdı. Vətənə olan sevgisinə görə, o, hərbçi olmağı özünə şərəf bilirdi. Müharibə başlayanda da Elçin ön sıralarda yer aldı və qəhrəmancasına döyüşdü: “Sonuncu dəfə danışanda qələbə çox yaxındadı dedi və bizə möhkəm olmağı tapşırdı. Döyüşlərin 4-cü günü onun şəhidlik zirvəsinə yüksəldiyi xəbərini aldıq. Düzdür, onu itirmək bizim üçün çətindir, lakin düşünəndə ki, Elçin Vətənin azadlığı uğrunda canından keçib, şəhadətə ucalıb, bu, bizlərə qürur bəxş edir”.
Elçinin həyat yoldaşı deyir ki, onun arzularından birini gercəkləşdirdiyi üçün çox xoşbəxtdir. “Bilirəm ki, onun da ruhu şaddır. İkinci ən böyük arzusu yadigar qalan övladının təhsilli böyüməsi, dövlətə, xalqa xeyirli övlad kimi yetişməsidir. Elçinin bu arzusunu da gerçəkləşdirəcəyimə söz vermişəm”, - deyə Aminə bildirib.
Qeyd edək ki, Süleymanov Elçin Tehran oğlu 1991-ci il noyabrın 29-da Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Hələ uşaq yaşlarından hərbiyə böyük maraq bəsləyən Elçin həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb və xidmətini başa vurduqdan sonra ordu sıralarında qalaraq Vətənin keşiyində dayanıb. Hərb sirlərinə peşəkarcasına yiyələnən Elçin tankçı olub. Döyüşlər başlayan gündən ön sıralarda yer alıb və düşmənin 30 illik sədlərinin yarılmasında şücaət göstərib. Elçin sentyabrın 30-da qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.