Tələbələr Beynəlxalq Astronavtika Konqresi barədə məlumatlandırılıb
Bakı, 24 yanvar, AZƏRTAC
Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “SABAH” qruplarının tələbələrinin Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) təhsil və tanıtım üzrə meneceri İmran Muxtarovla görüşü olub.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Yerin müşahidəsi, rabitə, naviqasiya, insanın kosmosa uçuşu və kiçik peyklər, hazırkı və gələcək əməliyyat tətbiqləri, təhsil, siyasət, iqtisadiyyat, tarix və hüquq da daxil olmaqla kosmosun cəmiyyətlə qarşılıqlı əlaqəsi haqqında məlumat verilib.
Sonda müsabiqədə iştirak etmək şərtləri, elm və tədqiqat, tətbiqlər və əməliyyatlar, texnologiya, infrastruktur, kosmos və cəmiyyət mövzularında məqalələrin yazılma qaydaları haqqında izahat verilib və tələbələrin sualları cavablandırılıb.