Təlim və Tədris Mərkəzində buraxılış və qəbul mərasimi keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hazırlıq kursunu bitirən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul komissiyasının qərarına əsasən, kursa qəbul edilən namizədlər ixtisaslarına uyğun olaraq tədris qruplarına bölünüb. Onlar mütəxəssis hazırlığına qoyulan tələblər əsasında hazırlanan proqrama müvafiq kurs keçiblər.
Kursda mühazirələr, qrup və praktiki məşğələlər təşkil olunub. Bundan əlavə, poliqonda keçirilən dərslərdə hərbi texnikanın idarə olunması və silahdan atışlar yerinə yetirilib.
Test üsulu ilə keçirilən yekun imtahanlarını müvəffəqiyyətlə vermiş namizədlərlə müqavilə bağlanılıb, onlara sertifikatlar təqdim edilib. Onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunublar.
Eyni zamanda, Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrin tələbatına uyğun olaraq, müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyən gənclərin növbəti qrupunun Təlim və Tədris Mərkəzinə qəbulu da həyata keçirilib.