TEMATİK ƏLAVƏ
Azərbaycan iqtisadi inkişaf strategiyasında yeni səmtlər götürür. Prezident Heydər Əliyevin yerli və xarici sahibkarlarla bu yaxınlarda keçirdiyi görüşlər aydın göstərir ki, dövlət iqtisadiyyatın qeyri-neft sahəsində sərmayə mühitinin və hüquqi əsasların yaxşılaşdırılması üçün ciddi tədbirlər görəcəkdir. Söhbət, ilk növbədə, özəl sahibkarlıqdan, kiçik və orta biznesdən gedir.
Ölkənin neft lokomotivi artıq elə sürət götürür ki, digər sahələrdəki problemlər bunun fonunda aşkar görünür. Son dövrdə Azərbaycan müstəqilliyin ilk illərində tamamilə tənəzzülə uğramış iqtisadiyyatın ən dağıdıcı nəticələrini dəf edə bilmişdir. Artıq bir çox sahələr özəlləşdirilmişdir. Sənaye müəssisələrinə, tikintiyə özəl kapital gəlir. Azərbaycanda torpaq da özəlləşdirilmişdir. Özəl kapital yeyinti, toxuculuq sənayesi sahələrində və başqa sahələrdə də işləyir... Lakin bütün bunlarla yanaşı, indi yeni addımlar və impulslar gərəkdir. Yerli sahibkarlar və Azərbaycan bazarında işləyən xarici şirkətlər artıq təşəkkül mərhələsini keçmişlər. Kapital genişlənmək üçün imkanlar axtarır. Hər şeydən göründüyü kimi, mövcud qanunvericilik bazası real surətdə inkişaf edən iqtisadiyyata uyğun gəlmir. Üstəlik, postsovet iqtisadiyyatının bəlaları, əslində, bütün Birlik ölkələrində eyni cürdür: çoxsaylı yoxlama orqanlarının yerli-yersiz işə qarışması, lisenziyalar, korrupsiya, bürokratçılıq.
Ona görə də çox təcrübəli siyasətçi olan Heydər Əliyev gözlənilməz gedişlər edir. Onun bir çox qanunvericilik təşəbbüsləri fərmanlar şəklində rəsmiləşdiriləcəkdir. Artıq mövcud olan vergi, gömrük sənədlərinə və digər sənədlərə də düzəlişlər ediləcəkdir. Məqsəd birdir - özəl biznesi, sahibkarlığı maksimum stimullaşdırmaq, müxtəlif sahələrə və Azərbaycanın müxtəlif bölgələrinə sərmayələr cəlb etmək.
Heydər ƏLİYEV: ÖZƏL SAHİBKARLIQ ÖLKƏ İQTİSADİYYATININ İNKİŞAFININ ƏSASIDIR
Azərbaycan Prezidentinin biznesmenlər qarşısında çıxışlarından
Biz 1995-ci ildən başlayaraq, ardıcıl surətdə lazım olan iqtisadi islahatları həyata keçiririk. Biz bu gün məmnuniyyət hissi ilə deyə bilərik ki, artıq bizim iqtisadi siyasətimiz, həyata keçirdiyimiz tədbirlər bütün sahələrdə öz müsbət nəticəsini verir və verməkdədir.
Aparılan siyasət, islahatlar və bazar iqtisadiyyatı prinsipi ölkədə yeni təbəqənin, sahibkarlar təbəqəsinin yaranmasına gətirib çıxarmışdır. Bu, belə də olmalıydı, çünki bazar iqtisadiyyatının əsasında şəxsi mülkiyyət, özəl mülkiyyət və sahibkarlıq durur. Bizim görəcəyimiz işlər ondan ibarət idi ki, islahatları həyata keçirmək üçün, bazar iqtisadiyyatının tələblərini ödəmək üçün lazım olan qanunlar qəbul etməliydik, qaydalar yaratmalıydıq və ölkəmizdə bu qanunların həyata keçirilməsini, onlara riayət olunmasını təmin etməliydik. Biz deyə bilərik ki, bunu da etmişik.
İndi Azərbaycanda böyük sahibkarlar təbəqəsi yaranmışdır. Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir. Özəlləşdirmə prosesi gedir, iqtisadiyyatın çox sahəsi özəlləşdirilibdir. Sizin işiniz çoxdur. İqtisadiyyatın bir çox sahələrindəki nəticələr özəl sektorun hesabına əldə edilibdir. Demək olar ki, bizim sosial-iqtisadi inkişafımız xeyli dərəcədə sahibkarların fəaliyyətindən asılıdır.
İş adamları ilə, biznes adamları ilə bizim münasibətlərimiz yalnız və yalnız demokratiya prinsipi əsasında qurulur və qurula bilər. Bu prinsiplərə riayət edərək, biz iş adamlarının fəaliyyətinin daha da səmərəli olmasında maraqlı olaraq, onlara yardım etmək, kömək göstərmək istəyirik. Biz bunu indiyə qədər etmişik. Qəbul etdiyimiz qanunlar bunu təmin edib və edir.
Özəl sektor Azərbaycanda iqtisadiyyatın bütün sahələrini biz istədiyimiz səviyyədə əhatə edə bilsə, səmərəli iş görə bilsə, onda iqtisadiyyatımız, həqiqətən, bazar iqtisadiyyatı kimi, keçmiş mərkəzləşdirilmiş iqtisadiyyatdan qat-qat üstün olacaqdır.
Əmin ola bilərsiniz ki, biz - Azərbaycan dövləti və şəxsən Azərbaycan Prezidenti ölkəmizdə sahibkarlığın inkişafını özümüzün əsas vəzifələrimizdən biri hesab edirik. Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq və sahibkarlığın inkişaf etdirilməsi üçün bundan sonra da lazım olan tədbirlərin həyata keçirilməsi ilə məşğul olacağıq. Sizin işinizə qanunsuz müdaxilə edənlərin, sizə mane olanların, qanunsuz olaraq sizdən bəhrələnməyə çalışanların hamısının qarşısını alacağıq.
Lisenziyalar haqqında çox danışıldı. Lisenziyalar çoxdur. Onları verən orqanlar da çoxdur. Burada deyildi ki, lisenziyanı çox hallarda rüşvətsiz vermirlər. Deməli, bunların qarşısı alınmalıdır. Yenə deyirəm, lisenziya sistemi tamamilə təkmilləşdirilməlidir. Rüşvətxorluqdan, korrupsiyadan da danışıldı. Biz bununla mübarizə aparırıq və aparacağıq. Korrupsiyanın bir üzdə olan tərəfi var, bir də altda. Özü də heç yerdə bir ölçü yoxdur ki, biləsən korrupsiya harada, hansı dərəcədədir. Ancaq təbiidir ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə, demokratiya sahəsində inkişaf etmiş ölkələrdə korrupsiya azdır. Mən heç də deyə bilmərəm ki, yoxdur. Ancaq keçid dövrünü yaşayan ölkələrdə - bir ölkədə o birindən çox, digərində o birindən az - korrupsiya vardır. Korrupsiyanı inkar etmək mümkün deyildir. Korrupsiya ilə mübarizə etmək lazımdır. Bu mübarizə də Azərbaycanda gedir və gedəcəkdir. Buna heç kəsin şübhəsi olmasın. Bizim iqtisadi tədbirlərimizin çoxu, - əgər onları yaxşı həyata keçirə bilsək, - məhz korrupsiyanın qarşısını ala biləcəkdir. Başqa vasitələrdən də istifadə olunacaqdır. Bunu hamı bilməlidir.
Mən bu gün sizləri dinləyərək və özüm də müəyyən qədər daxilən təhlil edərək düşünürəm ki, biz bir çox qanunlar qəbul etmişik. Bəzən bir qanun o biri qanunun bir hissəsinə mane olur. Bir qanun o birini təkrarlayır. Bəlkə də qanunlar çox olduğuna görə, onların icrasını təmin etmək də çox cətin olur. Amma bu o demək deyildir ki, bundan sonra qanunlar qəbul edilməməlidir. Qanunlar qəbul olunacaqdır. Lazım olan qanunlar qəbul ediləcəkdir. Əmin edirəm ki, qanunların hamısının məzmunu Azərbaycanda özəl sektorun, biznesin inkişafını təmin etmək, xarici sərmayəni Azərbaycana cəlb etmək məqsədi daşıyacaqdır. Buna görə də qanunvericiliyin təkmilləşdirilməsi bizim qarşımızda duran məsələlərdən biridir.
Vergi haqqında burada hamı danışdı. Vergidən heç kəs məmnun deyildir. Hər bir iş adamı arzu edərdi ki, vergi olmasın, yaxud da vergi çox az olsun. İş adamı iş görməlidir, qazanc götürməlidir. Lakin dövlət, ölkə də yaşamalıdır. Vergilər toplanmalıdır. Amma bugünkü danışıqlardan sonra, görünür ki, biz vergilər haqqında da düşünməliyik, lazımi tədbirlər görməliyik.
Azərbaycan Prezidenti kimi mən onu bildirmək istəyirəm ki, ölkəmizdə biznesin və o cümlədən xarici biznesin inkişafını Azərbaycanın iqtisadiyyatını təmin edən əsas amillərdən biri kimi görürəm.
Hər bir iş adamı, - xarici ölkədən gəlmiş, yaxud Azərbaycan vətəndaşı, - bilsin ki, Azərbaycanın Prezidenti kimi mən onun sağlam iş görməsinin himayədarıyam. Bu himayədarlığı daim edəcəyəm. Hər bir iş adamına, sağlam iş görən iş adamına mənim daim qayğım olacaqdır.
Əgər siz yaxşı işləsəniz, böyük miqdarda keyfiyyətli məhsul buraxsanız, onda bazar sizin ixtiyarınızda olacaqdır. Bazar iqtisadiyyatı rəqabət deməkdir. Bazarı itirməmək barədə hər gün düşünmək lazımdır.
Əldə edilmiş təcrübədən daha səmərəli istifadə etmək lazımdır. Biz indiyə qədər görülən işləri Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə getməsi prosesində birinci mərhələ hesab edirik. Bunların əsasında daha sürətlə irəliyə getmək istəyirik. Məhz bu səbəbdən biz Azərbaycanda özəl sektorun inkişaf etməsi üçün lazım olan bütün şəraiti yaratmışıq. Azərbaycana xarici sərmayənin cəlb olunması üçün əsas şərtləri yaratmışıq. Birinci növbədə, Azərbaycanda daxili ictimai-siyasi sabitliyin təmin olunması bütün sahələrdə, o cümlədən iqtisadiyyatın inkişafında əldə etdiyimiz nailiyyətlərin əsasıdır.
Ümidvaram ki, biz yaxşı nəticələr əldə edəcəyik. Bilin ki, Azərbaycan Prezidenti bütün sahibkarların himayədarı və dayağıdır.
BAZARIMIZ AÇIQ VƏ GƏLƏCƏYİ BƏLLİDİR
İqtisadi inkişaf naziri Fərhad Əliyevin çıxışından
Xarici sərmayələrin, müasir texnologiyaların və avadanlığın, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal olunması Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi iükişaf strategiyasının mühüm tərkib hissəsidir.
Həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində ölkədə bazar iqtisadiyyatına əsaslanan yeni iqtisadi münasibətlər formalaşmış, mülkiyyət çoxnövlülüyü təmin edilmiş və azad rəqabət şəraiti yaradılmışdır. Bütün bunlar Azərbaycanda makroiqtisadi sabitliyin bərqərar olmasına, ümumi daxili məhsulun ardıcıl artımına, inflyasiyanın idarəedilən həddə saxlanmasına səbəb olmuşdur.
Ötən müddətdə respublikamızda sərmayəçilərin hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazliğı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istiifadə olunması ilə bağlı əhəmiyyətli tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının xarici ölkələrlə ikitərəfli əməkdaşlığı da sürətlə inkişaf edir. Hazırda dünyanın 123 ölkəsi ilə ticarət əlaqələri qurulmuşdur. 30-dan çox ölkə ilə müxtəlif sahələrdə əməkdaşlığa dair 300-dən artıq ikitərəfli saziş imzalanmışdır.
Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsinin ən mühüm vasitələrindən biri özəlləşdirmə prosesidir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yeni sahələrin, o cümlədən xarici sərmayəçilər üçün xüsusilə cəlbedici olan metallurgiya, kimya, energetika, maşınqayırma, nəqliyyat, rabitə və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin özəlləşdirməyə açılması xarici sərmayə axınına güclü təkan vermişdir. Yeyinti, yüngül sənaye məhsullarının, inşaat materiallarının və digər məhsulların istehsalı ilə məşğul olan müəssisələrin xarici ölkələr tərəfindən özəlləşdirilməsi, energetika, metallurgiya müəssisələrinin uzunmüddətli idarəetməyə verilməsi həyata keçirilən tədbirlərin uğurlarından xəbər verir.
* Proqnozlara görə, yaxın üc ildə Azərbaycan iqtisadiyyatına müxtəlif mənbələr hesabına 10 milyard ABŞ dolları həcmində xarici sərmayə cəlb ediləcəkdir.
* 2002-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda 100 faiz xarici kapitalla işləyən 1946 şirkət, 955 müştərək şirkət qeydiyyatdan keçmişdir.
1995-2001-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 6,8 milyard ABŞ dolları həcmində sərmayə cəlb edilmişdir.
İlkin məlumatlara görə, 2002-ci ilin yanvar-mart aylarında iqtisadiyyata 360 milyon dollar həcmində sərmayə qoyulmuşdur ki, bu da 1993-cü il ərzində qoyulmuş xarici sərmayələrdən 12 dəfə, 1994-cü ildəkindən isə 2,4 dəfə çoxdur.
2001-ci ilin büdcə daxilolmalarında xarici sərmayəli şirkətlərin xüsusi çəkisi 19,7 faiz, 2002-ci ilin birinci rübündə isə 21,8 faiz təşkil etmişdir.
Sərmayə əməkdaşlığının genişləndirilməsi Azərbaycan Respublikasının xarici ölkələrlə əlaqələrinin inkişafına da müsbət təsir göstərmişdir. 2001-ci ilin yekunlarına görə, ixracın həcmi 2,3 milyard, idxalın həcmi 1,4 milyard, xarici ticarət balansının müsbət saldosu 900 milyon dollar olmuşdur.
Xüsusi ixrac zonalarının yaradılması, neft sahəsində olduğu kimi, iqtisadiyyatın digər sahələrində də xarici şirkətlərlə konsorsiumların təşkili, məhsulun pay bölgüsü üzrə sazişlərin imzalanması və bu sazişlərə qanun statusunun verilməsi də qeyri-neft sektorunda xarici sərmayələrin əhəmiyyətli dərəcədə artırılmasının səmərəli mexanizmi ola bilər.
Mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri əmlak, pul və sair gəlirlər sərmayə şəklində Azərbaycan Respublikasına gətirilərsə, bunlara xarici sərmayələr üçün nəzərdə tutulmuş qaydalar və təminatlar tətbiq olunmalıdır.
Hazırda əhalinin hər nəfərinə düşən xarici sərmayənin həcminə görə Azərbaycan nəinki postsovet məkanında, hətta Şərqi Avropa ölkələri arasında ən qabaqcıl yerlərdən birini tutur. Təkcə 2001-ci ilin yekunlarına görə, ölkə iqtisadiyyatına və sosial sahələrə yönəldilən bütün sərmayələrin 70 faizini xarici sərmayə təşkil etmişdir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, habelə Almaniyanın “Hermes” Sığorta Şirkətinin hesabatlarında Azərbaycana 6-cı risklilik dərəcəsi verilmişdir. Müqayisə üçün deyim ki, Türkiyə, MDB dövlətləri arasında isə yalnız Rusiya və Qazaxıstan eyni risklilik dərəcəsinə malikdir.
Vahid AXUNDOV: SƏHVLƏRİ ETİRAF ETMƏKDƏN QORXMAQ LAZIM DEYİL
Heydər Əliyevin Azərbaycan biznesmenləri və xarici iş adamları ilə görüşləri bir auditoriyada, lakin müxtəlif vaxtlarda keçirilmişdir. Özü də, əslində, “bağlı qapılar” arxasında. Azərbaycan Prezidentinin ən yaxın əməkdaşlarından biri, iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid AXUNDOV öz müsahibəsində niyə belə formatın seçildiyini və niyə Nazirlər Kabineti üzvlərindən heç birinin bu foruma buraxılmadığını izah edir.
-Belə görüş keçirmək təşəbbüsü kimə məxsusdur?
-Dövlət başçısına. Bu, onun ideyası idi.
-Necə bilirsiniz, biznesmenlər özləri niyə belə təşəbbüs irəli sürməmişlər?
-Çox güman ki, nəzakət xatirinə: Prezidentin işi çoxdur, onun milyonlarla başqa qayğıları vardır.
-Söhbətə dəvət biznesmenlər üçün gözlənilməz olmadı ki?
-Zənnimcə, bəli.
-Prezident belə görüşləri nə üçün məhz indi keçirmək qərarına gəlmişdir?
-Bilmək istəyirsinizsə, burada heç bir siyasi konyuktura yoxdur, əslində, bu, böyük siyasətdir. Prezident özünə əmin olan adamdır. O, toplanmış və araşdırılmış informasiyalar əsasında belə qərara gəldi ki, sahibkarların problemləri haqqında ciddi danışmağın vaxtı çatmışdır. Bizim hamımız bu son 5-7 ildə iqtisadi islahatların aparılmasında müəyyən mərhələdən keçmişik. Təcrübəmiz var, səhvlərimiz var. Lakin ən başlıcası, irəliyə doğru getmək arzumuz var. Həyat öz sözünü deyir. Yəqin ki, iqtisadi islahatların yeni mərhələsi üçün vaxt gəlib çatmışdır. Çoxları yaxşı bilir ki, Prezidentimiz vaxtı çatmış məsələlərin həllini sonraya qoymur.
-İslahatların yeni mərhələsinin fəlsəfəsi nədən ibarət olacaq?
-Kiçik və orta biznesi mümkün qədər dəstəkləməkdən və həvəsləndirməkdən. Kiçik və orta biznes ilk növbədə çevik sərmayə deməkdir. Məlumdur ki, öz miqyasına görə iri biznesin yaxın düşmədiyi sahələrdə kiçik və orta biznes hətta kiçik imkandan belə istifadə edir. Ona görə də inkişaf etmiş bazar iqtisadiyyatına malik bütün dövlətlərdə 70-80 faiz kiçik və orta biznesin payına düşür. Özü də ona görə yox ki, bu, hansısa bir qayda və yaxud şablondur, ona görə ki, məhz kiçik, orta və iri biznesin vəhdəti sayəsində iqtisadiyyat daha səmərəli, kifayət qədər güclü və iqtidarlı olur. Biz bunun niyə yaxşı olduğunu hətta Qərb iqtisadçılarından da yaxşı başa düşürük. Çünki onların görmədiyini biz görmüşük. Biz iri, mərkəzləşdirilmiş totalitar bloklardan - çox yekə, yaxşı, gözəl, lakin səmərəsiz bloklardan ibarət olan Sovet iqtisadiyyatını görmüşük. Buna görə də biz, bəlkə də, hamıdan çox bilirik. Mən bazara münasibət baxımından deyirəm.
-Azərbaycanda kiçik və orta biznesin inkişafına ciddi maneələr varmı?
-Prinsipial maneələr, sadəcə, yoxdur. Amma məsələ belədir. Biz neft ölkəsiyik. Məlum səbəblərə görə, bu illər ərzində bütün diqqətimizi və gücümüzü neft sahəsi ilə bağlı olan məsələlərin həllinə yönəltmişdik. Bugünkü vəziyyət bizə iqtisadiyyatımızın digər sahəsi barədə düşünməyə və onunla ciddi məşğul olmağa imkan verir. Bu, sosial baxımdan da çox vacibdir. Kiçik və orta biznes elə bir sahədir ki, oradan il boyu bəhrə götürmək olar. Əsas məsələ yaxşı mühit yaratmaq və onu saxlamaqdır.
-Hər halda, Prezidentin biznesmenlərlə “təkbətək” danışmaq qərarına gəlməsinin səbəbi nədir?
-O, açıq söhbət istəyirdi. İstəyirdi ki, biznesmenlər kimdənsə, o cümlədən də nazirlərdən çəkinmədən danışsınlar. Prezidentə formal görüş lazım deyildi. Onun üçün vacib idi ki, son illər kiçik və orta biznesin inkişaf sürətinin azalmasının səbəblərini eşitsin.
-Nə baş vermişdir?
-Səbəblər çoxdur. İlk növbədə yoxlamalar. Bəzi məlumatlara görə. 40-a yaxın nazirliyin və idarənin müəssisələri yoxlamaq hüququ vardır. Bunlar sanepidstansiyalar, yanğınsöndürmə xidməti, DİN və sairədir. Nəticədə də kiçik biznes şivən qopardı. Başqa səbəblər də var. Məsələn, bizdə kredit siyasəti çox sıxışdırıcıdır. Kreditlərin dərəcəsi çox yüksəkdir - 20-30 faiz həddindədir. Razılaşın ki, bu, pulu almaq və geri qaytarmaq üçün çox böyük faizdir.
İndi biz yenidən maliyyələşdirmənin dərəcələrini müzakirə edirik. Dünyada kapital bazarında bu dərəcələr kəskin şəkildə aşağı düşmüşdür, bizdə isə yenə də yüksək səviyyədə qalmaqdadır. Mərkəzi bankın yenidən maliyyələşdirmə dərəcəsi 10 faizdir. Təbiidir ki, buna yenidən baxılacaqdır. Bundan əlavə, kiçik biznesə yardımın təşkilinin özü dəyişdiriləcəkdir.
Mintimer ŞAYMİYEV:
BAKI İLƏ BİZİM ÇOXDAN ƏLAQƏLƏRİMİZ VAR,
LAKİN BÜTÜN POTENSİAL HƏLƏ ÜZƏ ÇIXARILMAYIB
Rusiyanin bir çox regionunun Azərbaycanla yeni əsasda,
bazar iqtisadiyyatı əsasında birbaşa əlaqələri yalnız 1990-cı
illərin ortalarından yaranmağa başlamışdır. Tarixən
təşəkkül tapmış ticarət-iqtisadi münasibətləri Azərbaycan
müstəqillik qazandıqdan sonra bərpa etmək cəhdləri, bu
ölkədəki siyasi qarmaqarışıqlıq üzündən, bir qayda olaraq,
heç bir nəticə vermirdi. İndi Rusiya Federasiyasının
subyektləri ilə Azərbaycan arasında nümunəvi, dinamik
inkişaf edən iqtisadi əməkdaşlığa misal kimi çox vaxt
Tatarıstan-Azərbaycan əlaqələrini göstərirlər. Tatarıstan
Prezidenti Mintimer ŞAYMİYEV “İzvestiya”nın suallarına
cavab verir.
- Mintimer Şaripoviç, Tatarıstan ilə Azərbaycan arasında əməkdaşlıq, o cümlədən iqtisadi əməkdaşlıq, Sizcə, necə təşəkkül tapır?
- Tatarıstanla Azərbaycan arasında qarşılıqlı münasibətlərin çox dərin - qardaş xalqlar arasında olan kökləri var. Son illər bu münasibətlər kifayət qədər dinamik inkişaf etmişdir. Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyi uğurla işləyir. 1996-cı ildə mən Azərbaycanda oldum. Bu səfər zamanı mənim Prezident Heydər Əliyevlə, necə deyərlər, bütün dövrlərdə dərin hörmət bəslədiyim insanla səmimi, konstruktiv görüşüm oldu. O vaxt biz bir çox məsələlər barədə razılığa gəldik. Biz Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş, habelə Azərbaycan Respublikasının və Tatarıstan Respublikasının hökumət nümayəndə heyətlərinin danışıqlarının nəticələri haqqında protokol imzaladıq. Bu sənədlər qarşılıqlı fəaliyyətin öncül istiqamətlərini müəyyənləşdirmişdir.
- Bəzən hər şey kağız üzərində qalır. Cənab Prezident, konkret əməkdaşlığa dair misallar çəkə bilərsinizmi?
- Çətin deyil. Avtomobilqayırma - biz Azərbaycana yük avtomobilləri və azlitrajlı avtomobillər, onlar üçün ehtiyat hissələr göndəririk, Azərbaycanda avtomobillərin yığılması istehsalatının təşkili ilə məşğul olmuşuq. Neft hasilatı - Azərbaycandan neft-mədən avadanlığı alınır. Neft kimyası - Azərbaycana Tatarıstanın neft kimyası kompleksinin məhsulları göndərilir.
2001-ci ildə “KamAZ”la Azərbaycan müəssisələri arasında uzunmüddətli əlaqələr yaradılması üçün fəal iş aparılmışdır. “KamAZ”ın baş direktorunun Azərbaycanın baş naziri ilə görüşləri olmuşdur. Mütəxəssislərimiz “KamAZ” avtomobillərinin yığılması istehsalatının təşkilinə dair təkliflər hazırlamışlar. Nəzərə çarpdırmaq istəyirəm ki, bu layihə Rusiya-Azərbaycan uzunmüddətli iqtisadi əməkdaşlıq proqramına daxil edilmişdir. Müəssisənin yaradılması üçün baza kimi Bakıdakı B.Sərdarov adına maşınqayırma zavodu seçilmişdir. Ötən ilin dekabrında Naberejnı Çelnıdan komplektləşdirici hissələrin ilk dəsti göndərilmiş və ilk avtomobil yığılmışdır.
Yığma istehsalatı layihəsi hələ yenicə gerçəkləşdirilməyə başlayır, ancaq təkcə keçən il biz Azərbaycana çoxlu “KamAZ” yük maşını göndərmişik. Bizim istehsal etdiyimiz “Öka” avtomobili Azərbaycan bazarında öz yerini tutur. Məsələn, Azərbaycanın təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 200 “Oka” maşını almışdır. “Kama” Ticarət Evi Azərbaycana avtomobil şinləri göndərir. Kazan tütün fabriki siqaret istehsalı üçün Azərbaycandan yüksək və birinci növ tütün alır.
- Bu gün Bakı ilə Kazan arasında ticarət dövriyyəsi necədir?
- Tatarıstan Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumiyyətlə, 2001-ci ildə Tatarıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2000-ci il ilə müqayisədə 648 min dollar artmış və 4,5 milyon dollardan çox olmuşdur. Zənnimcə, bunu da nəzərə çarpdırmaq lazımdır ki, ticarət dövriyyəsinin artımı Tatarıstandan ixracın həcminin təxminən 1 milyon dollar məbləğində artması hesabına baş vermişdir. Azərbaycandan idxalın həcmi bir qədər azalmışdır. Üzərində işləmək lazım gələn məsələlər var.
- Birbaşa əlaqələrin inkişafına nə isə mane olurmu? Kazan Bakı ilə əməkdaşlığa nə kimi əhəmiyyət verir?
- İqtisadi əməkdaşlığın inkişafının əsas ləngidici amilləri yaxşı məlumdur. Bu amillər istehsalın davam etməkdə olan geriləməsindən, müəssisələrin qarşılıqlı borcları problemindən, sabit valyuta qazanmaq məqsədi ilə ixrac ehtiyatlarının istiqamətini uzaq xaric bazarlarına yönəltməkdən, milli valyutaların real dönərlik sisteminin işlək olmamasından, ödəmə-hesablaşma münasibətlərinin həqiqi mexanizminin yoxluğundan, nəqliyyat tariflərinin xeyli artmasından ibarətdir.
Buna baxmayaraq, yaxın xaric ölkələri, o cümlədən də Azərbaycan, respublikamızın xarici fəaliyyətində öncül istiqamətlər olaraq qalırlar. Ticarət yollarının üstündə yerləşən Azərbaycan mühüm coğrafi-siyasi mövqe tutur. Əgər tarixə nəzər salsaq görərik ki, Şərqlə Qərbi birləşdirən Böyük İpək yolu və Böyük Volqa yolu buradan keçmişdir. Bundan əlavə, Azərbaycanda 28 min tatar yaşayır. Ona görə də Azərbaycanla təkcə iqtisadi əlaqələri deyil, humanitar əlaqələri də inkişaf etdirmək bizim üçün vacibdir.
- Kiçik və orta biznes: bu potensialdan istifadə olunurmu?
- Şübhəsiz ki, kiçik müəssisələrin istehlak bazarının tələblərinə operativ surətdə uyğunlaşmaq və fəaliyyətini yenidən qurmaq qabiliyyəti - yeni texnologiyaların tez mənimsənilməsi, kiçik emal müəssisələri yaradılması, müxtəlif sahələrdə operativ marketinqin mümkünlüyü, məişət xidmətlərinin təkmilləşdirilməsi və s. - iqtisadiyyatın sahibkarlıq sektorunun başlıca xüsusiyyətlərindən biridir.
Azərbaycanın və Tatarıstanın kiçik müəssisələri arasında əlaqələr müəyyən dərəcədə inkişaf edir - respublikamıza Azərbaycandan kənd təsərrüfatı məhsulları (meyvə, faraş tərəvəz, göy-göyərti) göndərilir. Yeri gəlmişkən, sahibkarlığın bu növü heç də indi meydana gəlməmişdir. Artıq neçə illərdir ki, azərbaycanlılar Tatarıstan bazarlarında işləyirlər və bütün bu illər ərzində bizim onlarla heç bir problemimiz olmayıbdır. Öz növbəsində, Azərbaycan sahibkarları da Tatarıstanın kiçik müəssisələrinin istehsal etdikləri mebellərə, neft kimyası məhsullarına maraq göstərirlər. Əlbəttə ki, kiçik və orta biznesin bu potensialını, imkanlarını hələ üzə çıxarmaq, inkişafa ciddi təkan vermək lazım gələcəkdir. Bu problem Rusiya üçün də, Azərbaycan üçün də aktualdır.
VERGİ DƏRƏCƏLƏRİ MÜƏYYƏNLƏŞDİRİLİB,LAKİN OLA BİLSİN Kİ, ONA YENİDƏN BAXILACAQ
Azərbaycan Prezidentinin biznesmenlərlə görüşündən sonra Vergi Məcəlləsinin dəyişdirilməsinə dair təkliflər və rəylər araşdırılır. Bu iş başlanmışdır. Lakin bu cür qərarlar, adətən, kifayət qədər vaxt tələb edir. Bu gün Azərbaycanda vergi dərəcələri aşağıdakı kimidir.
Vergi Məcəlləsinə görə Azərbaycanda Yol fonduna vergilər ləğv edilmişdir.
Əsas fondların aktiv hissəsi əmlak vergisindən azad edilmiş, mənfəətin sərmayələrə yönəldilən hissəsi isə vergilərdən tamamilə azad olunmuşdur.
Respublikada hüquqi şəxslərdən mənfəət vergisinin dərəcəsi 27 faiz səviyyəsində müəyyənləşdirilmişdir, yəni son iki ildə 5 faiz aşağı salınmışdır. Əlavə gəyər vergisinin dərəcəsi 20 faizdən 18 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimum həddi 45 faizdən 35 faizə endirilmişdir. Mütəxəssislər bildirirlər ki, yuxarıda göstərilən dərəcələr inkişaf etmiş ölkələrin əksəriyyətində həmin vergi növlərinin qanunvericilikdə nəzərdə tutulmuş dərəcələrindən aşağıdır.
Vergi Məcəlləsində mülkiyyət formasından və təşkilat-hüquqi statusundan asılı olmayaraq, bütün vergi ödəyiciləri üçün eyni vergiqoyma şəraiti nəzərdə tutulmuşdur. Hazırda həm yerli, həm də xarici vergi ödəyicilər eyni vergilər ödəyirlər, vergi qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlar və güzəştlər isə eyni dərəcədə həm birincilərə, həm də ikincilərə şamil olunur.
Çevik vergi siyasətinin həyata keçirilməsi, əlverişli vergi mühitinin yaradılması xarici vergi ödəyicilərinin sayının xeyli artmasına və respublika iqtisadiyyatına xarici sərmayələrin axınının güclənməsinə kömək etmişdir. Son 7 ildə xarici vergi ödəyicilərinin sayı iki dəfədən çox artaraq 2200-ü keçmişdir.
Son illər ərzində xarici vergi ödəyicilərindən dövlət büdcəsinə daxil olan vəsaitin xüsusi çəkisi xeyli artmışdır. Məsələn, əgər 1995-ci ildə bu göstərici cəmi 2,4 faiz təşkil edirdisə, 2000-ci ildə 21,7 faizə çatmışdır.
Kiçik və orta biznesi təşviq etmək üçün sadələşdirilmiş sxem üzrə vergi tətbiq olunması nəzərdə tutulmuşdur. Bu, vergi qoyulmalı işlərin və xidmətlərin həcminin 3 ay ərzində 30 milyon manatdan yuxarı olmadığı müəssisələrin əlavə dəyər vergisi, mənfəət vergisi, torpaq vergisi və əmlak vergisi əvəzinə, ümumi gəlirin 2 faizi miqdarında sadələşdirilmiş vergi ödəməsinə imkan verir.
GÖMRÜK XİDMƏTLƏRİ BİR-BİRİ İLƏ DİL TAPDILAR
Sərhəddə əməkdaşlığın yeni təcrübəsi
SSRİ-nin süqutu ilə özünəməxsus sovet ümumi bazarı da dağıldı. Bu gün, bir sıra MDB ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadiyyatının ayağa qalxdığı bir vaxtda, sahibkarlar ixrac bazarları barədə düşünməli olurlar. Bu məsələ artıq dövlət səviyyəsinə çıxır. Ən azı nazirliklər və baş idarələr səviyyəsində həll olunur. Azərbaycanın və Rusiyanın gömrük xidmətləri arasındakı əməkdaşlığın nümunəsi göstərir ki, qarşıya çıxan bir çox məsələlərin həllində qarşılıqlı fəaliyyət təkcə protokol xatirinə deyildir.
İki ölkənin gömrük komitələri sədrlərinin - Kəmaləddin Heydərovun və Mixail Vaninin Azərbaycan-Rusiya sərhədində, “Samur” gömrük postunda bu yaxınlarda keçirilmiş görüşü buna daha bir sübutdur. İdarələrin rəhbərləri sərhədyanı zolaqda yaranmış vəziyyətlə yerindəcə tanış oldular. Etiraf edilmişdir ki, ölkələrimiz arasındakı ticarət-iqtisadi əməkdaşlıq məsələləri xüsusi diqqət tələb edir. Bu, ilk növbədə, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının daşınması ilə əlaqədar sərhəddə yaranan problemlərə aiddir.
Əgər əvvəllər bir sıra məhsulların daşınması məsələləri müxtəlif sərəncam kağızları və dövlət sifarişlərinin köməyi ilə həll olunurdusa və Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarlarına axırdısa, inkdiki bazar şəraiti öz qaydalarını diktə edir. İttifaq dağıldıqdan sonra yaranmış dövlətlərarası sədlər bugünkü, artıq özəl Azərbaycan istehsalçısı üçün demək olar ki, keçilməzdir.
Tərəflər daşınmaq üçün nəzərdə tutulmuş kənd təsərrüfatı məhsullarının sərhəddə qeydə alınmasını asanlaşdırmaq üçün təcili olaraq tədbirlər işləyib hazırlamaq barədə razılığa gəlmişlər. Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçıları üçün Rusiya həmişə çox böyük satış bazarı olub və olmaqdadır, Rusiya-Azərbaycan sərhədində bu cür yüklərin gömrükdə qeydiyyatdan keçirilməsinin sürətləndirilməsi tez xarab olan məhsulların - tərəvəz və meyvələrin xarab olmamasına və istehlakçıya keyfiyyətli çatdırılmasına kömək edərdi.
Məsələn, gömrük yük deklarasiyalarının doldurulmasından tədricən imtina etmək və onları mədaxil orderləri ilə əvəz etmək qərara alınmışdır. Bu da gömrük nəzarətindən keçmək prosesini bir neçə dəfə sürətləndirəcəkdir. Mixail Vanin birdirmişdir ki, Rusiya-Azərbaycan sərhədində ən iri avtomobil gömrük-buraxılış məntəqəsinin tikintisi cari ildə başa çatacaqdır. Bu da artıq dördüncü rübdə həmin məntəqədən gündə 500 avtomaşının buraxılmasına imkan yaradacaq və ölkələrimiz arasında yük dövriyyəsini xeyli artıracaqdır.
Görünür, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığa, ümumi əmtəə dövriyyəsinin artırılmasına dair bir çox məsələlər daimi fəaliyyət göstərən Azərbaycan-Rusiya komissiyasının növbəti iclasının mövzusu olacaqdır. Hər iki ölkədə iqtisadi vəziyyətin real şəkildə dirçəlməsi onların bazarlarını bir biri üçün daha cəlbedici edir.
YEDDİLİYİN İQTİSADİ DAYAĞI
Qərbin aparıcı ölkələrinin iqtisadiyyatında kicik və orta biznesin rolu
Sənayecə inkişaf etmiş ölkələrin müasir iqtisadiyyatında ümumi daxili məhsulun \ÜDM\ 50-60 faizi kiçik və orta
biznesin payına düşür. Məsələn, Böyük Britaniya, ABŞ və Almaniya-nin ÜDM-ində kiçik və orta müəssisələrin
payı 50 faizdən 54 faizədək, Yaponiyada 52-55, İtaliya və Fransada təxminən 60 faizdir.
Qərbi Avropa ölkələrində müəssisələrin ümumi sayının 99,9 faizini qeyri-kənd təsərrüfatı sahələrindəki özəl sektorun kiçik və orta müəssisələri təşkil edir. Sənayedə satışların ümumi həcminin təxminən 50 faizi, xidmət sahəsində 67 faizi, tikinti və ticarətdə, demək olar, 90 faizi kiçik və orta müəssisələrin payına düşür.
Dünyanın sənrayecə inkişaf etmiş ölkələrinin iqtisadiyyatına və sosial problemlərinin həllinə kiçik biznesin belə sanballı töhfəsi sahibkarlığın dəstəklənməsinin dövlət siyasətinin həyata keçirilməsi istiqamətində müxtəlif tədbirlərin bütöv bir kompleksinin gerçəkləşdirilməsi sahəsindəki çoxillik zəngin təcrübə ilə bağlıdır. Bununla əlaqədar olaraq inkişaf etmiş ölkələrdə kiçik sahibkarlığın dövlət tərəfindən dəstəklənməsinin əsas və mütləq tədbirləri aşağıdakılardır.
B i r i n c i. Qanunvericilik bazası. Bu, dövlət qarşısında kiçik biznesin təşkilati-hüquqi və maliyyə cəhətdən dəstəklənməsinə yönəldilmiş, xüsusən kiçik biznesin dəstəklənməsinə dair dövlət proqramlarının həyata keçirilməsi baxımından tədbirlər görmək vəzifəsi qoyur. Həmin proqramlar dəstəklənmənin müxtəlif istiqamətləri üzrə diversifikasiya olunmuşdur.
Məsələn, Kanadada sahibkarlığın dəstəklənməsinə dair yüzlərlə proqram mövcuddur, onalrın xeyli hissəsini müəssisələrin təsərrüfat fəaliyyətinin müxtəlif məsələləri üzrə məsləhət xidmətləri göstərilməsinə dair proqramlar təşkil edir. Bir sıra ölkələrdə \ ABŞ, Kanada, Yaponiya, AFR\ kiçik biznesin dəstəklənməsi proqramlarının əsas istimqamətləri kiçik sahibkarlıq subyektlərinin elmi potensialının yüksəldilməsi olmuşdur. Buraya elmi araşdırmaların firmalara verilməsi prosedurlarını asanlaşdırmağa, elmi kadrlar hazırlamağa, kiçik müəssisələrin öz elmi araşdırmalarının maliyyələşdirilməsində iştirakına dair tədbirlər daxildir. Son onilliklərdə Avstriya, Fransa və Finlandiyada təminat mexanizmlərinin təkmilləşdirilməsi cəhətdən kiçik biznesə kredit-maliyyə dəstəyinə dair dövlət proqramlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir. Həmin mexanizmlər kiçik biznes subyektləri maliyyələşdirilərkən, risklərin dövlətlə banklar arasında bölüşdürülməsi prinsipinə əsaslanır.
BMT-nin məlumatına görə, dünya təsərrüfat sistemində kiçik və orta müəssisələr əmək qabiliyyətli əhalinin təxminən 50 faizini işlə təmin edir. Yaponiya, İtaliya, İsveçrə kimi ölkllərdə işçi qüvvəsinin çox hissəsi kiçik müəssisələrdə cəmləşmişdir, bu göstərici ABŞ və AFR-də də çox böyükdür. Əhalinin hər 1000 nəfərinə görə kiçik müəssisələrin sayı Fransa, Almaniya, Böyük Britaniya və Yaponiyada 35-50 arasında, ABŞ-da 74-dən bir qədər çoxdur.
İ k i n c i. Əksər ölkələrdə sahibkarlığa dövlət dəstəyi məsələlərinin hazırlanması və bu dəstəyi gerçəkləşdirmək sahəsində tədbirlərin əlaqələndirilməsi ilə icra hakimiyyəti orqanlarındakı xüsusi müstəqil struktur bölmələri məşğul olur.
Məsələn, bu məsələlər ABŞ-da Kiçik və orta biznes idarəsi nəznindəki Mərkəzi təşikilatın, Böyük Britaniyada Ticarət və Sənaye Nazirliyinin tərkibindəki Agentliyin, Kanadada Sənaye Nazirliyinin səlahiyyətinə daxildir. Yaponiyada İqtisadiyyat və Sənaye Nazirliyi tərkibində kiçik və orta müəssisələr bürosu, Fransada İqtisadiyyat və Maliyyə Nazirliyi nəznində Dövlət agentliyi, İtaliyada Sənaye Nazirliyi nəznində dövlət strukturu yaradılmışdır.
Ü c ü n ç ü. Kiçik sahibkarlığın dəstəklənməsi infrastrukturu.
O, bir qayda olaraq, dövlətin iştirakı və (yaxud) dəstəyi ilə yaranmışdır və kiçik sahibkarlıq subyektlərinə cürbəcür və zəruri xidmətlər göstərən, onların təşəkkülünə və inkişafına kömək edən ixtisaslaşmış təşkilatlar şəbəkəsindən ibarətdir.
ABŞ-da kiçik biznesə yardım göstərən, o cümlədən kiçik biznesin öz mallarını və xidmətlərini xaricə çıxartmasına kömək edən, habelə biznesin aparılması məsələlərində hüquqi və digər xidmətlər göstərən 1000-dək yerli mərkəz vardır, biznes-inkubatorlar şəbəkəsi yaxşı inkişaf etmişdir. Böyük Britaniyada işgüzar bölmələr deyilən 80 bölmə fəaliyyət göstərir. Bu bölmələr ölkənin bütün regionlarında vardır və onlar kiçik və orta şirkətlərə müxtəlif məsələlər üzrə məsləhət yardımı göstərirlər. Dövlət onların fəaliyyətinə nəzarət edir və qismən maliyyələşdirir. AFR-də və İtaliyada yeni başlayan sahibkarlar və kiçik müəssisələr üçün güclü məsləhət mərkəzləri şəbəkəsi vardır. Kanadanın bütün ərazisində dövlətin iştirakı ilə yaradılmış işgüzar xidmət mərkəzləri, habelə ixtisaslaşmış regional iqtisadi inkişaf mərkəzləri fəaliyyət göstərir.
Kiçik sahibkarlığın dəstəklənməsində dövlət siyasətinin həyata keçirilməsinə dair tədbirlərin əksəriyyətində müntəzəm və əhəmiyyətli büdcə maliyyələşdirilməsi nəzərdə tutulur. Məsələn, ABŞ-da 1999-cu ildə büdcə maliyyələşdirilməsinin həcmi 403 milyon dollar təşkil etmişdir. Yaponiyada 2001-ci ildə kiçik sahibkarlığın dəstəklənməsinə dövlət tərəfindən 1 milyard 700 milyon ABŞ dolları, o cümlədən iqtisadiyyat və sənaye nazirliyinin xətti ilə 1 milyard 100 milyon, əmək və maliyyə nazirliklərinin xətti ilə 600 milyon dollar ayırmaq nəzərdə tutulmuşdu. Son 5 ildə Kanadada kiçik biznesin kreditləşdirilməsi haqqında qanuna uyğun olaraq, kiçik sahibkarlıq subyektlərinə ayrılan vəsaitin ümumi həcmi 10 milyard Kanada dolları /orta hesabla hər il 2 milyard dollar\ təşkil etmişdir. Orta hesabla hər il bu məqsədlə 30 min borc ayrılmışdır ki, onların da hər birinin məbləği təxminən 70 min Kanada dollarıdır.
Ölkələrin əksəriyyəti kiçik və orta biznesin maliyyə-kredit cəhətdən dəstəklənməsi məsələlərində birbaşa yox, dolayı tədbirləri - kiçik sahibkarlıq subyektlərinə kommersiya banklarının kreditləri üzrə dövlət təminatı verilməsini - üstün tutur. Demək olar ki, bütün ölkələrdə bu məqsədlə ixtisaslaşmış dövlət təşkilatları və ya nizamnamə kapitalında dövlətin majoritar payı olan təşkilatlar vardır.
Torpaq islahatı
AĞILLILAR VƏ GÜCLÜLƏR TAB GƏTİRİRLƏR
Azərbaycanda aqrar islahat Prezident Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra başlanmışdır. Birinci mərhələdə kənd təsərrüfatı məhsullarının, xüsusən də çörəyin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi aradan qaldırıldı. Bu, bazar-dükanda qıtlıq problemini birdəfəlik və həmişəlik həll etdi, hərçənd o vaxtlar bir çoxları Prezidentin bu qərarına şübhə ilə yanaşırdı. Sonra isə kolxoz və sovxozlara məxsus nə vardısa, hamısı - daşınar və daşınmaz əmlak özəlləşdirilməyə başlandı. MDB-də ilk dəfə olaraq torpağın özəlləşdirilməsinə başlandı.
İndi, ölkədə kənd təsərrüfatı istehsalının bütün subyektləri tamamilə özəlləşdirildikdən, kolxoz və sovxozlar ləğv edildikdən, emal sənayesinin bütün müəssisələri özəlləşdirildikdən artıq dörd il sonra, Azərbaycanda dövlət başçısının bilavasitə rəhbərliyi ilə məqsədyönlü şəkildə aparılan aqrar islahatların aralıq yekunlarını bizim firmanın timsalında araşdırmağa cəhd göstərmək olar.
Bizim “MKT Production ənd Commercial Ltd” firması əsas fəaliyyətə 1997-ci ilin iyulundan, pambıqtəmizləmə sənayesi müəssisələrinin özəlləşdirilməsi elan ediləndən sonra başlamışdır. Bizim rəhbərliyimiz altında 14 pambıq zavodu, yağ-piy kombinatı və pambıq tullantlılarının emalı zavodu birləşdirilmişdir. Elə həmin ilin sentyabrından etibarən təsərrüfatlardan pambıq alınarkən biz 1998-ci ilin məhsulunu maliyyələşdirməyə başladıq. Bu, özəl firmanın müqavilələr əsasında həm fermerləri, həm də o vaxtadək hələ ləğv edilməmiş olan kolxoz və sovxozları maliyyələşdirməsi sahəsində respublikada ilk təcrübə idi.
Kolxoz və sovxozların ləğv edilməsi prosesindən narazı olan köhnə kənd təsərrüfatı bürokratiyasının bütün gücünü ilk dəfə biz öz üzərimizdə hiss etdik. Biz 125 min hektar plantasiyanı 20 milyon dollar məbləğində maliyyələşdirdik. Mütəxəssislərin fikrincə, azı 200 min ton pambıq yetişdirilmişdi. Lakin müqavilə bağladığımız bütün kolxoz və sovxozlar məhsul yığımına qədər kütləvi surətdə ləğv edilməyə başlandı, pambıq tarlaları örüşə çevrildi və biz cəmi 93 min ton pambıq toplaya bildik.
Biz əldə edilmiş təcrübəni nəzərə aldıq. İndi 14-15 min fermerlə müqavilələrimiz var və onlar daha bir neçə il əvvəlki fermerlər deyillər. Sözün əsl mənasında, FERMERİN formalaşması prosesi gedir. Demə, hətta ən yaxşı pambıqçı-kolxozçu təsərrüfatı müstəqil idarə edə bilmirmiş, kənd məktəbinin müəllimi, kolxoz mühasibi və ya mexaniki isə bacarırmış. Odur ki, indi varlı fermerlərin formalaşması kimi təbii proses gedir. Bu fermerlər işləri apara bilməyən və hazırda onların təsərrüfatlarında muzdla işləyən həmkəndlilərindən torpaqları satın alır, ya da icarəyə götürürlər. Firmamız belə sahibkarları dəstəkləyir. Biz kənd təsərrüfatı texnikası almışıq. Fermerin arzusu ilə bu texnika sonra satın almaq hüququ ilə icarəyə verilir. Biz başqa ölkələrdən çiyid gətirir və sınaqdan çıxarırıq və indi məhsuldarlığın artırılması və mahlıcın göstəricilərinin yaxşılaşdırılması üzrə yaxşı nəticələrimiz var. 2001-ci il mövsümünədək biz pambıqdan roler üsulu ilə mahlıc istehsal edən dörd yeni xətti istifadəyə verdik və daha yüksək keyfiyyətə nail olduq, emala daha az xərc çəkməklə təxminən iki dəfə çox mahlıc aldıq. 2002-ci il mövsümünədək daha dörd xətti işə salacağıq, nəticədə köhnə on dörd zavodu səkkizi ilə əvəz edəcəyik.
Dünya pambıq bazarında mahlıcın qiymətinin təxminən iki dəfə aşağı düşdüyü və keyfiyyətə tələbin yüksəldiyi indiki şəraitdə ümidvarıq ki, inkişaf strategiyamız dünya pambıq biznesindəki bu böhranlı dövrdə tab gətirməyə kömək edəcəkdir.
1997-ci ilədək təkcə pambığçılığın maliyyələşdirilməsinə hər il dövlət büdcəsindən təqribən 120 milyon dollar ayrılırdı. Artıq beşinci ildir ki, büdcə belə xərclərdən azaddır. İslahatların daha da dərinləşdirilməsi üçün fermerlərə güzəştli kreditlər ayrılmasının, kənd təsərrüfatı məhsulları istehsalı və emalını artırmağı stimullaşdıran çevik dotasiya sisteminin tətbiq edilməsinin vaxtı gəlib çatmışdır. Dünya iqtisadiyyatının qloballaşdığı şəraitdə rəqabət qabiliyyətli məhsul istehsalına ancaq bu metodlarla nail olmaq mümkündür. Ümidvarıq ki, aqrar islahatların bu mərhələsi firmamızı əkinləri maliyyələşdirməkdən xilas edəcək və biz firmanın sərmayələşdirmə fəaliyyətini toxuculuq sahəsində davam etdirə biləcəyik.
Stereotiplərin aradan qaldırılması kimi ağrılı proses və ilk illərdə istehsalın qaçılmaz tənəzzülü islahatların, xüsusən də aqrar islahatların ən çətin dövrüdür. Biz bu dövrü keçdik və gələcəyə ümidlə baxırıq.
İkram KƏRİMLİ
“MKT Production ənd Commercial Ltd”
firmasının vitse-prezidenti
“İzvestiya-Azərbaycan” səhifələrinin
materialları “İntellekt” Tədqiqatlar
Mərkəzinin (Azərbaycan) iştirakı ilə
hazırlanmışdır.
“İzvestiya” qəzeti 2002-ci il
30 may