Təmsilçimiz Almaniyada atçılıq idmanı üzrə keçirilən açıq çempionatda üçüncü yeri tutub
Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 1-3-dək atçılıq idmanının dresaj növü üzrə Almaniyanın ən güclülərinin iştirak etdiyi açıq çempionatda milli yığmamızın üzvü Aqata Zəhrabəyova çıxış edib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışlarına mütəmadi qatılan və Avropanın ən mötəbər turnirlərində ölkəmizi təmsil edən Aqata Zəhrabəyova üç gün davam edən çempionatda da xüsusi fərqlənərək finala vəsiqə qazanıb. İyirmi beş idmançının iştirak etdiyi yekun mərhələdə yığmamızın üzvü üçüncü yerə yüksəlib.