Tərtərdə soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir
Tərtər, 31 mart (AZƏRTAC). Tərtər Rayon İcra Hakimiyyətində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri əvvəlcə “Şəhidlər” abidə kompleksini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Mərasimdə məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırımı və deportasiya siyasətinin mahiyyəti, tarixi kökləri barədə danışmışdır.
Məruzədə və çıxışlarda bildirilmişdir ki, ermənilər öz havadarlarının köməyi ilə 1905-1907, 1918-1920, 1948-1952 və 1988-1994-cü illərdə xalqımıza qarşı soyqırımı siyasəti apararaq kütləvi qətliamlar, görünməmiş vəhşiliklər törətmişlər. 1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali öldürülmüş, görünməmiş qanlı cinayətlər törədilmişdir. O vaxtkı qırğınlar zamanı erməni daşnakları Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ və digər ərazilərdə yüzlərlə kəndi viran qoymuş, on minlərlə insanı məhv etmişlər.
Ermənilərin azərbaycanlılara qarşı yönəldilmiş bu məkrli siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmiş, Zəngəzur və digər ərazilər heç bir əsas olmadan Ermənistana verilmiş, 1948-52-ci illərdə Azərbaycan türkləri öz dədə-baba torpaqlarından deportasiya edilmişlər. Ermənilər ötən əsrin axırlarında, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda həyata keçirdikləri növbəti soyqırımında on minlərlə azərbaycanlını öldürmüş, şikəst etmişlər. Əzəli torpaqlarımız olan Ermənistanda etnik təmizləmə aparılmış, ərazimizin daha 20 faizi işğal edilmişdir.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymətin verildiyi vurğulanmış, mənfur düşmənlərimizin məkrli niyyətləri barədə əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin başçısının fəaliyyəti yüksək qiymətləndirilmişdir.