CƏMİYYƏT
Təşkilat sədri: Gənclərin innovativ fikirləri ekoloji sahədə qarşılaşdığımız çağırışların həllində çox vacibdir
Bakı, 10 sentyabr, AZƏRTAC
Bakıda keçirilən “Gənc liderlər vasitəsilə ətraf mühit siyasətinin dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumunun əsas məqsədi gənc liderlərin ekoloji sahədə, xüsusən də iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə yollarında fəallığını artırmaqdır. Tədbir zamanı gənc liderlər, gənclər təşkilatlarının fəalları ekoloji problemlərin həlli yolları barədə birgə müzakirələr aparacaq, əməkdaşlıq quracaqlar. Bununla yanaşı, gənclər ekoloji çağırışlara necə cavab verəcəyini və bu sahədə yeni strategiyaların necə tətbiq olunacağını müzakirə edəcəklər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli jurnalistlərə açıqlamasında deyib.
A.Əsgərli qeyd edib ki, gənclər hər zaman cəmiyyətin dəyişikliklərində ön sırada olublar: “Onların enerjisi, innovativ fikirləri və dünya görüşləri ekoloji sahədə qarşılaşdığımız çağırışların həllində çox vacibdir. Xüsusilə iqlim dəyişikliyi və onunla mübarizə yolları mövzusunda gənclərin iştirakı yalnız yerli yox, həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb edir”.
“Azərbaycan uzun müddətdir ki, ekoloji problemlərə və iqlim dəyişikliyinə qarşı mübarizədə aktivdir. Bizim ölkəmiz bir sıra beynəlxalq təşəbbüslərdə iştirak edir və regionda bu sahədə lider mövqeyə malikdir. Bu tədbir həm də beynəlxalq əməkdaşlıqları gücləndirmək və digər ölkələrin gənc liderləri ilə təcrübə mübadiləsi etmək məqsədi daşıyır. Tədbirə 18 ölkədən 24 gənc liderin və QHT rəhbərlərinin qatılması bu mövzunun nə qədər qlobal olduğunu göstərir. Burada yalnız yerli deyil, beynəlxalq təcrübələr də paylaşılacaq, yeni əməkdaşlıq əlaqələri qurulacaq. Məqsədimiz, bu müzakirələrdən konkret layihələrin ortaya çıxması və ekoloji problemlərin həlli üçün yeni strategiyaların hazırlanmasıdır”, - deyə Asif Əsgərli əlavə edib.