“Tesla” kompaniyası ən sürətli elektromobilini təqdim edib
Bakı, 11iyun, AZƏRTAC
Amerikanın “Tesla” kompaniyası iyunun 10-da Kaliforniya ştatının Frimont şəhərində “Model S Plaid” elektromobilini təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Tesla”nın rəhbəri İlon Maskın aparıcılığı ilə baş tutan təqdimat mərasimi kompaniyanın saytında canlı yayımlanıb.
Maskın sözlərinə görə, tənqidçilər əvvəllər “Model S” avtomobilinin yenilənmiş versiyasının çox sürətli olacağına diqqət çəkir və belə avtomobilə ehtiyac olduğuna şübhə ilə yanaşırdılar.
“Biz elektrokarların ən yaxşı avtomobillər olduğunu göstərməli idik”, - deyə biznesmen bildirib.
“Tesla” kompaniyası “Model S Plaid” elektromobilinin indiyədək seriyalı istehsal edilən ən sürətli avtomobil olduğunu iddia edir. İlon Mask bu elektromobilin hər hansı idman avtomobilindən, hər hansı “Porsche” avtomobilindən daha sürətli və eyni zamanda, hər hansı “Volvo” avtomobilindən daha etibarlı olduğunu deyib. Onun sözlərinə görə, “Model S Plaid” iki saniyədən az müddət ərzində saatda 96,5 kilometr sürəti yığa bilir. Elektriklə işləyən nəqliyyat vasitəsinin maksimal sürəti saatda 320 kilometrdir. O, əlavə enerji toplamadan 620 kilometrdən çox məsafə qət edə bilir. “Model S Plaid” elektromobilinin qiyməti təxminən 130 min dollardır.
Sahibkarın sözlərinə görə, artıq 25 ədəd “Model S Plaid” sifarişçilərə göndərilib. Həftə ərzində daha bir neçə yüz elektromobilin təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, əsası 2003-cü ildə İlon Mask tərəfindən qurulan “Tesla” kompaniyasının mənzil qərargahı Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşir. Kompaniya əvvəlcə yalnız elektriklə çalışan nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşsa da, daha sonra günəş panelləri və digər enerji toplama sistemlərini də istehsal etməyə başlayıb.