İQTİSADİYYAT
Texnoloji vasitələr biliyin bacarıq qarşısında üstünlüyünü azaldır
Bakı, 21 iyun, AZƏRTAC
Müasir dövrdə “Google”, “Chat GBT” və digər texnoloji vasitələr hesabına məlumat almaq, bilik əldə etmək və artırmaq mümkündür. Bu fakt biliyin bacarıq qarşısında üstünlüyünü azaldır.
AZƏRTAC xəbər verir ki, bu fikri “PASHA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov “İnsan Resursları Zirvəsi 2023” forumunun panel iclasında deyib. O bildirib ki, texnologiyadan istifadə etməyi bacarmaq daha səmərəlidir. İnsan kapitalından danışarkən, ilk növbədə, işçilərin bacarıqlarının artırılması vacib olmalıdır. Bu baxımdan işçilərin işə götürülməsi strateji məsələdir.
C. Qasımov bildirib ki, artıq işçini maaşla, müəyyən bonuslarla şirkətdə və ya hansısa qurumda saxlamaq getdikcə çətinləşəcək. Biz bu istiqamətdə təhlillər aparıb, başqa şirkətlərdə olmayan dəyərlər tətbiq edirik. Bu dəyərlərə qiymət verən insanlarla çalışmağı planlaşdırırıq.