“Thomson Reuters” Agentliyinin nümayəndələri AMEA-nın Rəyasət Heyətində olmuşlar
Bakı, 6 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə “Thomson Reuters” Agentliyinin nümayəndələri ilə görüşmüşdür.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan alimlərinin dünyada elmi informasiya institutu kimi məşhur olan xarici şirkətlə əməkdaşlıq təcrübəsinin artırılması imkanları müzakirə edilmişdir.
AMEA-nın prezidenti bildirmişdir ki, Azərbaycan elmi ictimaiyyətinin sözügedən qlobal elmi bazaya çıxış təcrübəsi o qədər də ürəkaçan deyildir. Təcrübənin azlığı ölkə alimlərinin elmi nailiyyətlərinin müəyyən qədər kölgədə qalmasına və beynəlxalq elm ictimaiyyətinə lazımi səviyyədə çatdırılmamasına gətirib çıxarmışdır.
“Thomson Reuters”in strateji əməkdaşlıq üzrə meneceri Filip Pörnel və departament rəhbəri Şahruz Şarifrazi Bakıya AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunmuş “Azərbaycanın qlobal elmi bazaya çıxışı” mövzusunda seminarla əlaqədar gəldiklərini qeyd etmişlər. Seminarın gedişatından məmnunluqlarını bildirən qonaqlar tədbirin mövzusunun aktuallığından söz açmışlar. Vurğulanmışdır ki, “Thomson Reuters”də Azərbaycan alimlərinin məqalələri həqiqətən azlıq təşkil edir. Mövcud vəziyyət bu ölkənin yeraltı sərvətləri, yerüstü təbiəti, enerji ehtiyatları, coğrafiyası və digər sahələrdə məlumatlarına ehtiyac yaratmışdır. Qonaqlar bu çatışmazlığı aradan qaldırmaq istiqamətində AMEA ilə əməkdaşlıq etməyə hazır olduqlarını ifadə etmişlər.
Görüşdə akademik Akif Əlizadə və AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Rasim Əliquliyev əməkdaşlıq təklifinə səmimi yanaşaraq “Thomson Reuters”in təcrübəsindən faydalanmağı önəmli hesab etmişlər. Razılığa gəlinmişdir ki, yaxın gələcəkdə beynəlxalq şirkətin mütəxəssisləri tərəfindən Azərbaycan alimlərinə qlobal elmi bazaya çıxış təcrübəsi keçilməsi məqsədi ilə xüsusi təlim, seminar və kurslar təşkil olunsun. Bu cür tədbirlərin ABŞ və Türkiyədə, həmçinin internet vasitəsi ilə keçirilməsi nəzərdə tutulmuşdur.
Bütün bu təşəbbüslərin rəsmiləşdirilməsi və reallaşdırılması məqsədi ilə “Thomson Reuters”in rəhbərliyini Azərbaycana dəvət etmək, bu işləri respublika hökumətinin dəstəyi ilə planlaşdırmaq məqsədəuyğun hesab edilmişdir.