Tibb Universitetinin alimlərinin növbəti uğuru
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycanlı alimlər ilk dəfə olaraq cərrahiyyə sahəsində nüfuzlu elmi “Springer” beynəlxalq nəşriyyatının dərc etdiyi kitabda iki fəslin müəllifi qismində çıxış ediblər.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin I cərrahi xəstəliklər kafedrasının əməkdaşlarının müəllifliyi ilə dünyanın ən nüfuzlu elmi nəşriyyatlarından “Springer International Publishing” tərəfindən çap olunan “Prophylactic Surgery” (“Profilaktik cərrahiyyə”) kitabında 2 ayrıca fəsil yer alıb.
Bu kitab dünyada profilaktik cərrahiyyə mövzusunda nəşr edilən ilk kitablardan biridir. ATU əməkdaşlarının müəllifliyi ilə kitabda “Profilaktik splenektomiya” (“Prophylactic Splenectomy”) və “Mədə və onikibarmaq bağırsağın xoşxassəli xəstəliklərində profilaktik cərrahiyyə” (“Prophylactic Surgery for Benign Diseases of Stomach and Duodenum”) fəsilləri dərc olunub.
ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramov, kafedranın əməkdaşları tibb üzrə fəlsəfə doktoru Ruslan Məmmədov və rezident Fərəh Qəhrəmanovanın müəllifi olduqları “Profilaktik splenektomiya” fəslində profilaktik splenektomiya əməliyyatına olan göstərişlər yer alıb. Burada, həmçinin bir sıra orqanların bədxassəli törəmələri, hematoloji, anadangəlmə və digər xəstəliklərin müalicəsində, o cümlədən ağırlaşmaların qarşısının alınmasında profilaktik splenektomiyanın rolu haqqında ətraflı məlumatlar verilib.
Kitabda yer alan ikinci “Mədə və onikibarmaq bağırsağın xoşxassəli xəstəliklərində profilaktik cərrahiyyə” fəslində müəlliflər-professor Nuru Bayramov və kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Nadir Zeynalov tərəfindən mədə və onikibarmaq bağırsağın divertikulları, əməliyyatdan sonrakı gec mədə boşalması, hiatal yırtıq, qastro-ezofaqeal refluks və bir sıra digər xəstəliklər, onların müalicəsi və profilaktikası zamanı icra edilən profilaktik əməliyyatlar haqqında geniş məlumat verilib.