Tir atıcılığı üzrə muxtar respublika birinciliyində 30-dək gənc iştirak edib
Naxçıvan, 29 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində keçirilən tir atıcılığı üzrə muxtar respublika birinciliyində 29 gənc iştirak edib. Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyası tərəfindən birgə təşkil olunan birincilik gənclərə vətənpərvərlik ruhunun aşılanması, onlar arasında atıcılıq idman növlərinin təbliği və bacarıqlı atıcıların müəyyənləşdirilməsi məqsədilə keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, birincilikdə Naxçıvan Dövlət Universitetinin tələbəsi Murad Mustafayev 32 xallıq göstərici ilə birinci yerə layiq görülüb. Heydər Əliyev adına Hərbi Liseyin kursantı Xəqani Seyidov bir xallıq fərqlə ikinci olub. Ordubad rayonundan olan Şaban Tağızadə isə yarışı 26 xalla üçüncü sırada tamamlayıb.
İlk üçlükdə qərarlaşan iştirakçılara diplom, xatirə barelyefi və peyntbol oyunu üçün kupon təqdim edilib.