“Torpaqlarımız azad olunandan sonra qardaşımdan bir xəbər alacağıma ümidim artıb” - Sahibxanım Yolçuyeva
Şuşa, 5 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Qardaşım Mikayılov Tağı Həsən oğlu 1992-ci ilin iyununda birinci Qarabağ müharibəsində itkin düşüb. O gündən indiyədək onun haqqında heç bir məlumatımız yoxdur.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Tağı Mikayılovun bacısı Sahibxanım Yolçuyeva Şuşada kütləvi məzarlığı ziyarət edərkən söyləyib.
Kütləvi məzarlığı ziyarət etməyin onun üçün çox ağrılı olduğunu bildirən S.Yolçuyeva əlavə edib ki, torpaqlarımız azad olunandan sonra qardaşından da bir xəbər alacağına ümidi artıb.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər ediblər. Səfər zamanı Şuşada aşkarlanan kütləvi məzarlıq ziyarət olunub. Səfərdə 50-yə yaxın itkin ailələrin üzvləri iştirak edib.
Xatırladaq ki, “Qarabağ itkin ailələri” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib. Müraciətdə Ermənistana itkin düşmüş şəxslərlə bağlı məlumatları təcili açıqlamaq, kütləvi məzarlıqların yerlərini təqdim etmək çağırışı olunur. Həmçinin BMT-nin itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılması və hələ də taleyi məlum olmayan itkin şəxslərlə bağlı problemlərin həll edilməsi üçün müraciət ünvanlanıb.
Bu il avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub. Ümumilikdə isə işğaldan azad edilən ərazilərdə indiyədək Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlanıb.