TOSQUN ADAMLAR DAHA ÇOX RUH DÜŞKÜNLÜYÜNƏ MƏRUZ QALIRLAR
“Group Health Cooperative” təşkilatı əməkdaşlarının apardıqları tədqiqatda 9125 yaşlı adam iştirak etmişdir. Mütəxəssislər könüllülərin hamısı ilə söhbət apararaq, onların psixi vəziyyətini öyrənmişlər. Alimlər piylənmə faktını tədqiqat iştirakçılarının çəkilərinə və boy göstəricilərinə əsasən müəyyənləşdirmişlər.
Tədqiqatın nəticələri göstərmişdir ki, piylənməyə məruz qalanlar daha səksəkəli olur, emosional pozğunluqdan, o cümlədən ruh düşkünlüyündən daha çox əziyyət çəkirlər. Özü də tosqunlar alkoqollu içkilərdən və narkotiklərdən qamətli adamlara nisbətən 25 faiz çox istifadə edirlər.
Alimlər ruh düşkünlüyünün piylənmənin səbəbi, yaxud nəticəsi olduğu barədə suala cavab verməyə hələ hazır deyillər, çünki hər iki variant mümkündür. Məlumdur ki, ruh düşkünlüyünə qapılan adamlarda fiziki fəallıq azalır. Bundan əlavə, onun müalicəsi üçün qəbul edilən dərmanlar çəkini artırır. Digər tərəfdən, ətrafdakılar tosqunları lağa qoyurlar ki, bu da onların əhvali-ruhiyyəsinə təsir göstərməyə bilməz.
Həm ruh düşkünlüyü, həm də piylənmə geniş yayılmış haldır. Hazırda yaşlı amerikalıların təqribən üçdə biri piylənmədən əziyyət çəkir, ruh düşkünlüyünə isə ABŞ əhalisinin 10 faizində (təxminən 21 milyon adam) rast gəlinir.