TRIPP layihəsi Azərbaycanın yeni tranzit imkanlarının genişləndirilməsində rol oynaya bilər - ŞƏRH
Bakı, 13 fevral, AZƏRTAC
Cənubi Qafqazda geoiqtisadi proseslərin sürətlə transformasiya olunduğu hazırkı mərhələdə nəqliyyat-kommunikasiya layihələri beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri kimi çıxış edir. Bu baxımdan Azərbaycan ilə ABŞ arasında formalaşmış strateji tərəfdaşlıq münasibətləri regional logistika təşəbbüslərinin, xüsusilə TRIPP layihəsinin perspektivləri üçün mühüm siyasi və iqtisadi zəmin yaradır.
Bunu AZƏRTAC-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilə ABŞ arasında imzalanmış tərəfdaşlıq sənədlərində nəqliyyat dəhlizlərinin inkişafı regional sabitlik, iqtisadi inteqrasiya və enerji təhlükəsizliyinin vacib elementi kimi qiymətləndirilir.
“Bu yanaşma Azərbaycanın tranzit potensialının artırılması, alternativ logistika marşrutlarının formalaşdırılması və beynəlxalq ticarətin şaxələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Cənubi Qafqaz regionunun Avropa ilə Asiya arasında körpü rolunu gücləndirməsi həm ABŞ-ın regional iqtisadi maraqlarına, həm də Azərbaycanın nəqliyyat habı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan-ABŞ əməkdaşlığı regionda iri logistika və nəqliyyat layihələrinə beynəlxalq maliyyə institutlarının marağını artırır. Bu amil TRIPP çərçivəsində planlaşdırılan nəqliyyat marşrutlarının modernləşdirilməsi və yeni infrastrukturun qurulması baxımından əlverişli şərait yaradır. Azərbaycanın coğrafi mövqeyi layihə üçün mühüm üstünlük hesab olunur. Ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin kəsişməsində yerləşməsi TRIPP marşrutlarının iqtisadi səmərəliliyini artıran əsas faktorlardandır”, - deyə Rauf Ağamirzəyev vurğulayıb.
Ekspert əlavə edib ki, layihə çərçivəsində nəqliyyat dəhlizlərinin inkişafı enerji və yük daşımalarının fasiləsizliyini təmin etməklə regional iqtisadi sabitliyə töhfə verir. Bu, həm də beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirir. R.Ağamirzəyev əlavə edib ki, ABŞ-ın regionda iqtisadi və siyasi iştirakının artması TRIPP layihəsinin beynəlxalq tərəfdaşlarla koordinasiyasını asanlaşdırır və təşəbbüsün qlobal logistika şəbəkələrinə inteqrasiyasını sürətləndirə bilər: “Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq nəqliyyat dəhlizlərinin inkişafına əlavə siyasi dəstək və iqtisadi stimul verir. Bu amil TRIPP layihəsinin reallaşma perspektivlərini gücləndirərək regionun logistika və ticarət xəritəsində rolunun artmasına şərait yaradır. Beləliklə, nəqliyyat əməkdaşlığı yalnız ikitərəfli münasibətlərin dərinləşməsi deyil, həm də regional iqtisadi inteqrasiyanın sürətlənməsi baxımından mühüm faktor kimi qiymətləndirilir. Bu kontekstdə TRIPP layihəsi Azərbaycan üçün yeni tranzit imkanları, ABŞ üçün isə regionda iqtisadi iştirakın genişləndirilməsi baxımından strateji platforma rolunu oynaya bilər”.