Tüklə Voleybol Liqası uğurla başa çatıb
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) dəstəyi ilə həvəskarlar arasında təşkil olunan və Əsasnaməsi Azərbaycan Voleybol Federasiyası tərəfindən təsdiqlənən 4-cü ənənəvi Tüklə Voleybol Liqası uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışın təntənəli bağlanış mərasimində Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin final mərhələsinin açılış mərasimində təşkilatçılar və fəxri qonaqlar bu liqanın əsas məqsədinin həvəskar voleybolun inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək və voleybolsevərləri bir araya gətirmək olduğunu vurğulayıblar. Bildirilib ki, bu ilin may ayından 9 komanda ilə start götürən 4-cü Tüklə Voleybol Liqası bu mövsüm də maraqlı və gərgin mübarizə ilə yadda qalıb.
Final mərhələsinin nəticələrinə əsasən, “Kidol” 1-ci, “Qartal” 2-ci, “Zəfər” isə 3-cü yeri tutub.
Biləcəridəki Murov Az Terminal İdman Kompleksində baş tutan bağlanış mərasimində qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar.
Qeyd edək ki, Tüklə Masallı rayonununda bir kənddir və zəngin voleybol ənənəsi var. Bu gün artıq Tüklə Voleybol Liqası kənd səviyyəsindən yüksələrək ölkə üzrə maraqlı çempionata çevrilib.