Tullanaraq suya baş vurmaq, kəskin hərəkətlər etmək zədələnmələrə səbəb olur
Bakı, 19 iyun, AZƏRTAC
Yay tətili günlərində əyləncəli vaxt keçirmək hər kəsin arzusu olsa da, bəzi gözlənilməz və xoşagəlməz hadisələrlə də üzləşirik. Həmin günlərdə sürüşüb yıxılma hallarına tez-tez rast gəlirik. Mütəxəssislər belə vəziyyətlə üzləşməmək üçün diqqətli olmağı məsləhət görürlər.
AZƏRTAC xəbər verir ki, travmatoloq-ortoped Museyib Əhmədov deyib: “Ən çox boyun və baş travmaları, boyun fəqərələrində əzilmələr baş verir. Belə hallar daha çox suya başvurma, hovuza tullanma zamanı yaranır. Ona görə də zədə almamaq üçün ilk növbədə belə kəskin hərəkətlərdən çəkinmək lazımdır”.
Üzməyi bacarmayanlar dayaz hovuzda çimməyə üstünlük verirlər. Belə olanda hündür yerdən tullanaraq suya baş vuranlar zədə alırlar, hətta orqanizmdə ciddi fəsadlar da yaranır. Ona görə də həkimə vaxtında müraciət etmək lazımdır.
“Zədə zamanı göstərilən ilk tibbi yardım ətrafların hərəkətsizləşdirilməsidir. Məsələn, topuq oynağı zədə alıbsa, həmin nahiyə səkkizvari sarğı edilməli, yəni hərəkətsiz hala gətirilməli, üzərinə buz qoyulmalıdır. Ağrı reaksiyası güclüdürsə, sakitləşdirmək üçün həblər verilməli və vaxt itirmədən mütləq travmatoloqa müraciət edilməlidir”, - deyə travmatoloq-ortoped əlavə edib.
Xoş günlərin bədbin notlarla başa çatmaması üçün hər zaman ehtiyatlı olmaq lazımdır. Əks halda laqeydlik peşmanlıqla nəticələnə bilər.