“Tullantıdan Sənətə” muzeyində “ATMA-YARAT-SAT” sosial layihəsinin təqdimat mərasimi keçiriləcək
Bakı, 23 dekabr, AZƏRTAC
Yaradıcı insanlar tərəfindən lazımsız hesab edilən əşyaların gözəl sənət əsərlərinə çevrilməsi insanların zövqünü oxşamaqla yanaşı, ətraf mühitə atılan tullantıların həcminin azalmasına səbəb olur. Bu prosesə dəstək vermək məqsədilə ilk dəfə olaraq “ATMA-YARAT-SAT” sosial layihənin həyata keçirilməsi nəzərdə tutulur.
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi, Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə həyata keçiriləcək layihə əsasən Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanları əhatə edəcək.
“ATMA-YARAT-SAT” sosial layihəsi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.
Sosial layihənin ənənəvi olaraq hər il keçirilməsi və gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 25-i saat 11:00-da Bakının Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyində təqdimat mərasimi keçiriləcək layihə çərçivəsində iştirakçıların müxtəlif əl işləri nümayiş olunmaqla, satışı təşkil ediləcək. Əldə olunacaq vəsait onların sosial vəziyyətinin yaxşılaşdırılmasına və iş imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Bir sıra dövlət qurumlarının dəstək verdiyi “ATMA-YARAT-SAT” layihəsinin mütəmadi olaraq keçirilməsi fiziki imkanları məhdud olan insanların məşğulluq imkanlarını genişləndirməklə yanaşı, tullantı hesab edilən əşyaların xammal kimi təkrar istifadəsinə marağı artıracaq.