Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan bu gün dünyada enerji təhlükəsizliyinin vacib ölkələrindən biridir. Ölkəmizin Avropa İttifaqı ilə imzaladığı enerji təhlükəsizliyi sazişi, həmçinin reallaşan TAP və TANAP kimi uğurlu layihələrlə yanaşı, təkcə ənənəvi enerji məhsulları ilə deyil, alternativ enerji sahəsindəki potensialı ilə də tanınır. OPEC rəhbərinin Bakıya səfəri Azərbaycana bu sahədə göstərilən etimadın növbəti təzahürüdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, ekspert Tural İsmayılov qeyd edib.
Ekspert vurğulayıb ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub. Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı “OPEC+” üzrə 40,46 milyon barel, Azərbaycan üçün 551 min barel həcmində müəyyən edilib. OPEC baş katibinin Bakı səfərində Prezident İlham Əliyevə Azərbaycanın mövqeyinə görə təşəkkürünü bildirməsi, ölkəmizin nə qədər vacib olduğunu bir daha sübut edir.
Söhbət zamanı bu gün “fossil” yanacaqlar sahəsində mövcud olan məsələlər müzakirə edilib, gələcəkdə bu sahəyə investisiyaların ayrılmasının vacibliyi bildirilib. Ümumiyyətlə, Azərbaycanın yaşıl enerji potensialı Avropadan ərəb coğrafiyasına qədər böyük marağa səbəb olur.
T.İsmayılov əlavə edib ki, bu kontekstdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri xüsusi əhəmiyyətə malikdir. Mərkəzi və Şərqi Avropadan Orta Asiyaya, ərəb dünyasından ABŞ, Böyük Britaniya və Çinə qədər bir çox coğrafiyadan Azərbaycanın siyasi-iqtisadi imkanlarına, Azərbaycan Prezidentinin mövqeyinə böyük simpatiya müşahidə edilir. ABŞ Prezidentinin və Böyük Britaniyanın Baş nazirinin müraciətləri bütün dünyanın diqqətinin Bakıya yönəldiyini göstərir.
Ekspert qeyd edib ki, Azərbaycan bu gün təkcə ənənəvi enerji məhsulları ilə deyil, alternativ enerji imkanları ilə də ciddi rəğbət qazanır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir - buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir.
"Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir”,- deyən Bayden ABŞ-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafına işarə edir. Azərbaycanın qlobal enerji bazarında əhəmiyyətinin yüksəlməsi bir reallıqdır.