Tural İsmayılov: Dövlətin mühüm hədəflərindən biri bütün bölgələrin tərəqqisidir
Bakı, 22 iyun, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün ən vacib siyasətlərdən biridir. Dövlətin mühüm hədəflərindən biri bütün bölgələrin tərəqqisidir. Ölkədə həyata keçirilən sosial, kadr, struktur islahatları bölgələrin dirçəldilməsini prioritet edir. Dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox artıb, əhalinin sosial vəziyyəti yaxşılaşıb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, ekspert Tural İsmayılov bildirib.
Ekspert bildirib ki, Prezident İlham Əliyevin 2019-cu il 29 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.
STM-in sektor müdiri əlavə edib ki, ümumilikdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına ən azı 17 milyard manatdan çox vəsaitin sərf edilməsi nəzərdə tutulur ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən hazırda icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Eyni zamanda, dövlət tərəfindən təxminən 13 milyard manata yaxın investisiyasının yatırılacağı gözlənilir.
T.İsmayılov vurğulayıb ki, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə hələ 2004-cü ildən başlayaraq Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramları qəbul olunub. 5 illik müddəti əhatə edən bu proqramların icrası nəticəsində mühüm nailiyyətlər əldə edilib.
Bölgələrdə istehsal edilən sənaye malları birbaşa dünya bazarına çıxarılır. Bu da öz növbəsində qeyri-neft sektorunun inkişafına imkan verir. Beləliklə, son nəticədə iqtisadi inkişafımızın dayanıqlı və davamlı olmasına əlverişli zəmin yaranır.
Onun sözlərinə görə, bütün bunlar zəncirvari proses olaraq bir-birinə bağlıdır. Haqqında bəhs etdiyimiz dövlət proqramları və infrastruktur layihələrinin icrası həm dünya bazarına çıxış imkanları qazandırır, həm də daxildə ayrı-ayrı sahələrin inkişafına xüsusi diqqət ayrılmasına əlverişli şərait yaradır.
Tural İsmayılov qeyd edib ki, Prezident İlham Əliyev rayonların iqtisadi inkişafının ixtisaslaşmalar yolu ilə təmin edilməsinə, hər bir bölgəmizin malik olduğu təbii resurslara və iqlim şərtlərinə uyğun olaraq spesifik kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsinə böyük önəm verir. Regionların inkişafına bu cür selektiv yanaşma olduqca səmərəlidir.
Eyni zamanda artıq regionlara xarici investisiyaların cəlbi ilə bağlı da konkret prinsiplər var. Bu da öz növbəsində bölgələrdə inkişafa səbəb olacaq.