Türk dünyasında çağırışlara həsr olunan müzakirələr keçirilib
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransının “Türk dünyasında çağırışlar” adlı panel müzakirəsi keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradov qlobal çağırışlar qarşısında Türk dünyası dövlətlərinın əməkdaşlığının daha da dərinləşməsinin əhəmiyyətindən söz açıb. Ə.Muradov Türk Dövlətləri Təşkilatının “Türk dünyasına baxış - 2040” və Səmərqənd Bəyannaməsində müəyyən etdiyi iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində bir sıra təkliflərlə çıxış edib. Bildirib ki, Türk dövlətləri arasında dayanıqlı, yaşıl, ağıllı və inklüziv iqtisadi artım siyasətinin inkişaf etdirilməsinə, eləcə də iqtisadiyyatların rəqəmsallaşmasına, bilik iqtisadiyyatı yönündə inkişafının təmin edilməsinə, birbaşa xarici investisiyalar üçün əlverişli, şəffaf və proqnozlaşdırıla bilən investisiya mühitinin yaradılmasına, iqtisadiyyatlar arasında mal, kapital, xidmət, texnologiya və insanların sərbəst hərəkətinin təmin edilməsinə, eyni zamanda, iqtisadiyyatlar arasında milli pul vahidləri ilə ticarətin payının artırılmasına ehtiyac var. Rektor turizm, kənd təsərrüfatı və qida təhlükəsizliyi, səhiyyə və müdafiə sənayesi kimi sahələrdə birgə əməkdaşlığın gücləndirilməsinin, türk ali təhsil məkanının formalaşdırılmasının, ortaq təhsil və elm layihələrinin reallaşdırılmasının, texnologiyaların inkişaf etdirilməsi və transferinin gücləndirilməsinin də vacibliyini bildirib.
Ə.Muradov TÜRKİAB-ın (Türk Universitetləri Birliyi) Səmərqənddə keçirilmiş toplantısında Nobel mükafatçısı Əziz Səncərin çıxışından bəzi məqamları da diqqətə çatdırıb.
Sonra UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı professor Mehmet Yücenin moderatorluğu ilə panel müzakirələr aparılıb. İzmir Bakırçay Universitetinin professoru Recai Coşkun, Qırğızıstan Dövlət Arabayev Universitetinin professoru Synaru Alimkulova, Daşkənd Dövlət İqtisad Universitetinin professoru Murat İkramov, Qazaxıstanın Turan Universitetinin prorektoru dosent Dina Razakova Türk dünyasının tarixi, elm və təhsili, iqtisadiyyatı və sosial həyatının aktual məsələlərinə həsr olunan çıxışlar ediblər.
Çıxışlardan sonra rektor Ədalət Muradov Türk Dünyası Araşdırmaları Vəqfinin təhsilə, mədəniyyətə, elmi araşdırmalara böyük önəm vermək məqsədilə təsis etdiyi “Professor Turan Yazqan təhsil və mədəniyyət mükafatı” ilə təltif olunub.
Panel müzakirələrin spikerlərinə maraqlı çıxışlarına görə təşəkkürnamə paketləri təqdim edilib.